Lokal toqquşma ANONSU: “Kreml nə Azərbaycanı, nə də Ermənistanı qıcıqlandırmaq istəyir”backend

Lokal toqquşma ANONSU: “Kreml nə Azərbaycanı, nə də Ermənistanı qıcıqlandırmaq istəyir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Atəşkəsi qorumaq istəyən Kremlin yeganə alternativi iki ölkə arasında sərhədin delimitasiyasına və demarkasiyasına başlamaq üçün Paşinyanı zorla masaya otuzdurmaqdır”.

İnterpress.az xəbər verir ki, bunu ötən gün  Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiya prezidenti Vladimir Putinə zəng etməsinə münasibət bildirən politoloq Elxan Şahinoğlu deyib.

Politoloqa görə, Paşinyan Rusiya hərbçilərinin  Qarabağda olduqları kimi Ermənistan-Azərbaycan sərhədində də yerləşməsini istəyir:

“Paşinyan elə buna görə dünən Rusiya prezidenti Vladimir Putinə zəng edib. Bundan başqa, Rusiyanın müdafiə naziri Sergey Şoyqunun erməni və azərbaycanlı həmkarlarıyla telefon danışıqları olub. Nəticədə atəşkəs elan olunub. Ancaq bu,  müvəqqətidir. Əgər Paşinyan sərhədin müəyyənləşməsiylə bağlı Bakı ilə danışıqlardan qaçırsa, Azərbaycan ordusunun sərhədin strateji nöqtələrində möhkəmlənməsindən başqa alternativi yoxdur.

Kremlin rusiyalı hərbçiləri Qarabağa göndərmək planı İkinci Qarabağ müharibəsi başladığı ilk günlərdən mövcud idi. Ancaq Kremlin rusiyalı hərbçiləri Ermənistan-Azərbaycan sərhədində yerləşdirməsi planı obyektiv səbəbdən olmayıb və indi də yoxdur. Obyektiv səbəbdən ona görə ki, Rusiya üçün Azərbaycan-Ermənistan sərhədi qeyri-müəyyəndir. Misal üçün, Azərbaycan sərhədçiləri Qaragölə nəzarət edirlər.  Emənistan isə iddia edir ki, guya gölün böyük hissəsi onlara aiddir. Bu halda Rusiya hərbçiləri gölün hansı hissəsində yerləşəcəklər? Rusiyalı hərbçilər gölün kənarında yerləsşələr, bu, Ermənistanı narazı salacaq. Çünki bu addım Rusiyanın Qara gölün Azərbaycana aid olduğunu qəbul etməsi deməkdir.  Gölün ətrafından azərbaycanlı sərhədçiləri sıxışdırmağa çalışsalar, bu,  Azərbaycan-Rusiya münasibətlərini gərginləşdirəcək. Bu baxımdan indiki şərtlər altında Kreml nə Azərbaycanı, nə də Ermənistanı qıcıqlandırmaq istəyir.

Atəşkəsi qorumaq istəyən Kremlin yeganə alternativi iki ölkə arasında sərhədin delimitasiyasına və demarkasiyasına başlamaq üçün Paşinyanı zorla masaya otuzdurmaqdır. Yalnız bu halda sərhəddə gərginlik azalacaq və danışıqlar prosesi başlayacaq. Əks halda lokal toqquşmalar davam edəcək”.

Gülşən