İtaliyada meşədə yaşayan cütlüyün uşaqları əllərindən alınıb.
İnterpress.az xəbər verir ki, bu barədə İtaliya mediası məlumat yayıb.
İtaliyada meşədə yaşayan britaniyalı və avstraliyalı cütlüyün üç uşağının məhkəmə qərarı ilə əllərindən alınması ölkədə ciddi müzakirələrə və siyasi qalmaqala səbəb olub.
Britaniyalı Neytan Trevallion və avstraliyalı həyat yoldaşı Ketrin Birminhem 2021-ci ildə İtaliyanın Abruzzo bölgəsindəki meşəlik ərazidə köhnə mülk alaraq təbiətə mümkün qədər yaxın yaşamağa qərar veriblər.
Onlar öz qidalarını yetişdirir, günəş enerjisindən istifadə edir və quyu suyundan yararlanırdılar. Cütlük uşaqlarını məktəbə göndərməyərək evdə təhsil verirdi.
Lakin ötən ilin sentyabrında bütün ailə yığdıqları zəhərli göbələkləri yeyərək xəstəxanaya düşdükdən sonra sosial xidmət orqanları vəziyyətə müdaxilə edib. Araşdırma zamanı ailənin yaşadığı yerin bərbad, antisanitar vəziyyətdə olduğunu və zəruri kommunal xidmətlərin olmadığını müəyyən edib.
Məhkəmə uşaqların təhsildən kənar qaldığını və hüquqlarının pozulduğunu əsas gətirərək onların valideynlərindən alınmasına qərar verib.
Məsələ İtaliya hökumətində fikir ayrılığı yaradıb.
Xuraman Etibarlı
İnterpress.az






