“Morozko” kəsmikli blinçiklərində bağırsaq çöpləri aşkarlanıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
“Morozko” brendinə məxsus kəsmikli blinçiklərdə bağırsaq çöpləri (E. coli) aşkar edilib.
Tula vilayətinin Yefremov şəhərində aprel ayında yoxlanış üçün götürülən partiyada mikrob səviyyəsinin normadan 4 dəfə çox olduğu müəyyən olunub.
Rospotrebnadzor Sankt-Peterburqdakı istehsalçı zavoda rəsmi xəbərdarlıq edib.
Qeyd etmək lazımdır ki, eyni blinçiklər ötən ilin dekabr ayında Moskva vilayətində yerləşən “Dolqojitel” pansionatında baş verən kütləvi zəhərlənmə hadisəsində də istifadə edilib. Həmin vaxt məhsul nümunələrində mikroorqanizmlərin kritik səviyyəsi qeydə alınmışdı.
Xatırladaq ki, o hadisə zamanı pansionatın 51-97 yaş arası 44 sakini kəskin bağırsaq infeksiyası ilə xəstəxanaya yerləşdirilmişdi və onlardan 8 nəfər dünyasını dəyişmişdi.
Hadisə ilə bağlı cinayət işi başlanılmış, pansionatın direktoru saxlanılmış və müəssisənin fəaliyyəti dayandırılmışdı.
Xuraman Etibarlı
İnterpress.az






