MSK sədrindən seçki anonsu – parlament buraxılacaq, yoxsa…backend

MSK sədrindən seçki anonsu – parlament buraxılacaq, yoxsa…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında Milli Məclisdə boş qalan dairələrə yaxın vaxtlarda seçkilərin keçiriləcəyini deyib. MSK sədri bildirib ki, Azərbaycan üçün taleyüklü məsələlər həll olunmalıdır, bu məsələ də öz həllini tapacaq.

Bəzi məlumatlara görə, seçkilər 2022-ci ilin mart ayında keçirilə bilər. Bəzi məlumatlara görə isə ölkə bütövlükdə böyük seçkiyə və referenduma hazırlaşır. Referendum söhbətləri bu ilin yayından gündəmdə idi. “Yeni Müsavat” 28 iyul tarixində bu mövzuda geniş məqalə hazırlamışdı. O məqalədə göstərilirdi ki, referendumun əsas hədəfi ölkədə proporsional seçki sisteminin bərpa olunması, Milli Məclisin say tərkibinin artırılması, siyasi mübarizənin parlamentə keçməsidir.

Məlumatlara görə, referendumun hədəflərindən biri də işğaldan azad edilən bölgələrdə bəzi ərazi inzibati vahidlərin dəyişdirilməsi, yenilərinin yaradılmasıdır. Məsələn, işğaldan azad edilən rayonlarda son aylarda Prezidentin xüsusi nümayəndəliklərinin yaradılması prosesi gedir. Bu, həm də paralel olaraq icra hakimiyyəti sisteminin yenilənməsi və tədricən ləğv edilməsi anlamına gəlir. Ola bilsin, ilk nümunə kimi Qarabağ və ətraf rayonlarda icra hakimiyyəti sisteminin ləğvi təcrübəsi tətbiq edilsin. Referendumdan dərhal sonra Milli Məclisə seçkilərin keçiriləcəyi də deyilir. Yeni tərkibin özünü doğrultmadığı da deyilir. Üstəlik, hazırkı tərkibdə xeyli sayda köhnə qvardiyanın adamlarının, əsasən də Mehdiyevçilərin olduğu bildirilir. Məlumata görə, hakimiyyət siyasi mühiti əlverişli saysa, bütövlükdə Milli Məclisi buraxa və yeni seçkilərin vaxtı elan oluna bilər. Amma boş qalmış dairələrə gələn ilin mart-aprel aylarında seçkilərin keçiriləcəyi istisna edilmir.

Referendumun bir hədəfi də paytaxt Bakı daxil olmaqla, bir neçə bölgədə bəzi rayonların birləşdirilməsidir. Məsələn, bir müddət öncə Bakının Nizami rayonunun ləğv ediləcəyi, Nərimanov və Xətai rayonlarına birləşdiriləcəyi haqda məqalə yazmışdıq. Bunun bəzi başqa rayonlara da şamil ediləcəyi istisna edilmir. Eyni zamanda Bakı şəhərinə mer seçkilərinin keçirilməsi məsələsi də həll olunmamış qalır. Avropa Şurası qarşısında götürülən bu öhdəlik hələ icra edilməyib. Bu məsələnin də həlli üçün ana qanunumuzda dəyişiklik edilməsi istisna deyil.

Qeyd edək ki, Azərbaycan parlamentində də boş qalmış deputat yerləri var. Milli Məclisdə boş deputat yerlərinin sayı 5-ə çatıb. 2020-ci il fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərinin nəticələrinə əsasən, 125 seçki dairəsinin 121-dən qanunverici orqana deputat seçilib. 33 saylı Xətai birinci, 35 saylı Xətai üçüncü, 74 saylı Lənkəran kənd və 80 saylı İmişli-Beyləqan seçki dairəsinin nəticələri isə etibarsız sayılıb. Qanunvericiliyə əsasən, bu dairələr üzrə təkrar seçki keçirilməlidir. Ötən ilin yayında isə deputat Fəttah Heydərovun dünyasını dəyişməsindən, Eldəniz Səlimovun həbsindən sonra parlament üzvlərinin sayı 120 nəfərə enib.

Bir məqamı qeyd edək ki, hazırda həbsdə olan Eldəniz Səlimovun barəsində məhkəmə davam edir, onun deputat toxunulmazlığı ləğv edilib, mandatına dair qərar isə məhkəmə hökmü ilə müəyyən ediləcək.

Mərkəzi Seçki Komissiyasının katibi Mikayıl Rəhimov bildirib ki, Milli Məclisə seçkilərlə əlaqədar nəticələri ləğv edilmiş və boş qalan seçki dairələrində yenidən seçkilər keçirilməsi Seçki Məcəlləsinin müvafiq maddəsi ilə tənzimlənir. Qanunun 172-ci maddəsində bildirilir ki, seçkilər müvafiq seçki dairəsi üzrə etibarsız sayılarsa və seçkilərin yekunları təsdiq edilməzsə, Mərkəzi Seçki Komissiyası təkrar seçkilər keçirir. Eyni zamanda deputat mandatına xitam verildikdən, deputatın vəfat etməsi və ya mandatdan imtina etməsindən sonra boş qalan dairədə yeni seçkinin təyin olunması da Seçki Məcəlləsinin tələbi ilə tənzimlənir.

Qanuna görə, seçki ölkə Prezidentinin sərəncamı ilə təyin edilir və bundan sonra həmin dairədə seçkilər keçirilir. Odur ki, deputatsız dairələrdə yeni seçkinin nə zaman olacağı Prezident sərəncamı verildikdən sonra bəlli olur: “Mərkəzi Seçki Komissiyası nəticələri etibarsız sayılmış seçki dairələrində və deputatsız qalan digər dairədə əlavə seçkilərin nə zaman keçiriləcəyini müəyyən edən instansiya deyil. Seçkinin günü ancaq ölkənin Prezidenti bu barədə sərəncam imzalayanda bəlli olacaq. Nə zaman seçkilər təyin olunacaqsa, o zaman da seçkilər keçiriləcək”.

Seçki eksperti Ruslan İbrahimli bildirdi ki, Seçki Məcəlləsinin 176-cı maddəsinə görə, deputat mandatının boş qalmasından sonra bir ay müddətində müvafiq birmandatlı seçki dairəsi üzrə əlavə seçkilər təyin edilməlidir: “Konstitusiyanın 87-ci maddəsində isə qeyd olunur ki, parlamentin səlahiyyət müddətinin bitməsinə 120 gündən az müddət qalarsa, hər hansı səbəbdən deputatsız qalan dairələrdə seçkilər keçirilmir. Amma ləğv olunan nəticələrdən sonra yenidən seçki keçirilməsinin konkret müddəti yoxdur. Milli Məclisə seçkilərin təyin edilməsi ilə bağlı Prezident sərəncam verir.

Nəzərə alsaq ki, qarşıda hələ 3 ildən artıq müddət var, deməli, bu qədər uzun müddətdə beş dairənin deputatsız saxlanması məqsədəuyğun olmaz. Seçicilərin hüququdur ki, deputatları olsun və problemlərini məhz öz deputatlarına müraciət etməklə həll etsinlər. Ona görə də boş qalan yerlər üçün seçkilər keçirilməldir. Azərbaycandapandemiya olmasaydı, keçən ilin aprel və ya may ayında 4 seçki dairəsində deputat seçkisi keçirilməsi gözlənilirdi. Pandemiya ilə bağlı durum hazırda nəzarətdədir və yoluxma aşağı səviyyədədir. Bunu da nəzərə alıb seçki keçirilə bilər. Nəzərə almaq lazımdır ki, seçki bütün ölkə ərazisində yox, cəmi 5 və ya 6 dairənin ərazisində olacaq”.

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə isə bildirdi ki, qanuna görə, 60 gün öncə ölkə Prezidenti tərəfindən seçkilərin keçirilməsi ilə bağlı sərəncam verilməlidir: “Seçkinin günü də həmin sərəncamda təyin olunur. Hələlik belə bir sərəncam verilməyib. Məzahir Pənahovun indi açıqlama verdiyini nəzərə alsaq, ehtimal etmək olar ki, seçkilər gələn ilin birinci rübündə ola bilər”.

Hüquqşünas bildirdi ki, inzibati idarəçilik üsul-idarəsində yeni formaların tətbiqi həyata keçirilməkdədir: “Bu, yəqin ki, rəsmiləşdirilməlidir. Eyni zamanda beynəlxalq təşkilatlardan Azərbaycana həm proporsional, həm majoritar seçki sisteminə keçilməsi tövsiyələri var. Cənubi Qafqazda Gürcüstan və Ermənistan artıq bu seçki sisteminə keçib. Yalnız majoritar seçki sistemi tətbiq olunan ölkə Azərbaycandır. Eyni zamanda Bakı şəhərinə mer seçkiləri keçirilməsi məsələsi də gündəmə gələ bilər. 1995-ci ildə qəbul olunan Azərbaycan Konstitusiyasında Milli Məclisdə 125 deputat yerinin olması əksini tapır. O zaman əhalimizin sayı 7 milyon nəfər idi və 40 min seçiciyə bir deputat nəzərdə tutulurdu. İndi əhalinin sayı 10 milyon nəfərdən çoxdur. Bu amil də onu deməyə əsas verir ki, deputatların sayının təxminən 50 nəfər artırılması mümkündür. Qeyd olunan məsələləri həyata keçirmək üçün isə konstitusiyada dəyişikliklər edilməlidir. Konstitusiyaya dəyişikliklər üçün isə referendum keçirilməlidir. Hesab edirəm ki, hökumət seçki islahatları, inzibati idarəetmədə islahatlar üçün referendum keçirilməsinə gedəcək. Ola bilər ki, referendum parlamentdəki boş dairələrə təkrar seçkilərdə deyil, Milli Məclisə 2025-ci ildə keçiriləcək seçkilərdə olsun. Cənab Prezidentin müvafiq sərəncamından sonra bütün bu məsələlərlə bağlı daha dəqiq fikir söyləmək olacaq”.

Seçki mütəxəssisi Əli Orucov isə bildirdi ki, boş qalan deputat yerini doldurmaq üçün həmin seçki dairələrində parlament seçkiləri çoxdan keçirilməli idi. Bu həm həmin seçki dairələrində yaşayan təxminən 40-50 min seçicinin hüququnun bərpası olardı, həm də parlamentdə həmin insanların nümayəndələri olardı. Eyni zamanda parlamentin tərkibi də tam olaraq formalaşdırılardı: “MSK sədrinin açıqlamalarından aydın olur ki, yaxın vaxtlarda nəticələri ləğv olunan və digər seçki  dairəsində təkrar seçkilərin keçiriləcək. Bu o deməkdir ki, növbədənkənar parlament seçkiləri keçirilməyəcək.

Xatırlayırsızsa, 2019-cu ildə parlament özünü buraxanda səbəb kimi göstərdilər ki, Prezidentin apardığı islahatla uyğunlaşa bilmir, inkişafa, yeniləşməyə əngəl olur və s. Amma növbədənkənar keçirilən parlament seçkilərindən sonra köhnə tərkibin demək olar 80 faizi yenidən deputat mandatı ala bildi. Deməli, əgər hakimiyyət köhnə tərkibin tamamilə və ya böyük ölçüdə dəyişməsini istəyirdisə, bunu elə 2020-ci ildə keçirilən növbədənkənar seçkilərdə reallaşdırardı.

O ki qaldı referendum məsələsinə, bu, zamanın tələbidir. Çünki tələblər dəyişib. Yeni dövrə yeni idarəetmə və yeni mexanizmlər getmək zərurəti yaranır. Mən o fikri də məqbul saymıram ki, 2-3  ildən bir ümumi səsvermə ilə Ana Yasamızı dəyişək. Bu da normal bir şey deyil.

2002-ci il referenduma qədər proporsional seçki sistemi vardı. Daha doğrusu, qarışıq sistem idi. Amma onu çıxardılar. Yaxud da parlamentin say tərkibi nəzərdə tutularkən Azərbaycan əhalisinin sayı və artım tempi nəzərə alınmayıb. Bu kimi yanlışlıqlar var. Biz dəfələrlə bu barədə təkliflərimizi vermişik. Böyük şəhər bələdiyyələri yaradılmalıdır, inzibatı ərazi bölgüsü optimallaşdırılmalı və çevikləşdirilməlidir. Misal üçün, Azərbaycanın inzibatı ərazi bölgüsünə görə 80 rayon var. Bu boyda bürokratik aparatı dövlət büdcəsindən milyonlarla vəsait hesabına saxlamağa ehtiyac yoxdur. Bir neçə icra başçısının həbsi də göstərdi ki, artıq bu qurum yaramır, idarəetmə mexanizmi kimi çox köhnəlib. Bakı və digər iri şəhərlərdə mer seçkisi keçirilməlidir. Dövlət artıq bir sıra  maliyyə və digər yüklərdən xilas olunmalıdır. Elə məsələlər  də var ki, onu konstitusiya ilə deyil, Prezidentin özü  tənzimləyə bilər. Dövlət rəhbərinin konstitusiya ilə müstəsna səlahiyyətləri var ki, idarəetməyə yeni yöntəm və dizayn versin. İdarəetmədə dəyişiklikləri referendum keçirmədən də reallaşdırmaq bu baxımdan mümkündür. Təbii ki, fundamental islahatlar təlatümlü olur. Riskli olur. Lakin durğunluq, inkişafdan qalmaq daha riskli və  təhlükəlidir. Lakin sağlam qüvvələrə istinad olunsa və xalqa güvənilsə,  ən qabaqcıl dövlətlərin sırasına daxil ola bilərik”.