“New Media Hub” platformasının media-brifinqi baş tutub (FOTO)backend

“New Media Hub” platformasının media-brifinqi baş tutub (FOTO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

26 may tarixində “Davam” Gənclər Hərəkatının Azərbaycan Respublikasının Gənclər Fondu ilə birgə həyata keçirdiyi “Gənclərin Davamlı İnkişaf Proqramı” çərçivəsində təsis edilən “New Media Hub” platformasının media-brifinqi baş tutub.

Trend-in məlumatına görə, “Davam” Gənclər Hərəkatının Bakı Dayaq Mərkəzində keçirilən brifinqdə “Davam”ın sədri Nihad Allahyarlı, layihənin partnyorları olan Trend Beynəlxalq İnformasiya Agentliyinin nümayəndəsi olaraq millət vəkili, agentliyin baş direktorunun müavini, “Azərnews” ingilisdilli qəzetin baş redaktoru Sevil Mikayılova, “Yeni Müsavat” Media Qrupunun rəhbəri, əməkdar jurnalist Rauf Arifoğlu, “Teleqraf” Media Qrupunun rəhbəri Aynur Camalqızı, digər media qurum nümayəndələri və bir qrup davamçı gənc iştirak edib.

Trend Beynəlxalq İnformasiya Agentliyinin baş direktorunun müavini Sevil Mikayılova öz çıxışında “New York Times” və onun timsalında bütün media qurumlarının təcrübəsinin mütləq şəkildə öyrənilməsinin önəmli olduğunu qeyd edərək mediadakı yeni tendensiyalar və müasir dövrün gətirdiyi operativ və çevik yanaşmanın tətbiqinin vacibliyini diqqətə çatdırıb.

“Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu çıxış edərək bildirib ki, bu partnyorluğun əsas məqsədi “Davam” Gənclər Hərəkatı tərəfindən göstərilən nəcib təşəbbüsə dəstək verməkdir. O, ənənəvi və sosial media arasında məsafələrin olduğunu və yetişdirilən gənclərlə həmin boşluqların doldurulacağını diqqətə çatdırıb. Həmçinin gənclərin jurnalistika sahəsində inkişafının təmin edilməsi ilə jurnalistika məktəbinin formalaşdırılmasının zəruriliyini də qeyd edib.

“Teleqraf” Media Qrupunun rəhbəri Aynur Camalqızı jurnalistika sahəsində mövcud olan problemləri dilə gətirib və yeni gənc jurnalistlərin yetişməsinin zəruri olduğunu bildirib. O, bu platformanı məktəb adlandırıb. Qeyd edib ki, hər bir media nümayəndəsi informasiya savaşının əsgəridir və bu platforma daxilində informasiya savaşının əsgərləri yetişdiriləcək.

“Davam” Gənclər Hərəkatının sədri Nihad Allahyarlı qonaqlara öz təşəkkürünü bildirib. O, layihənin bu partnyorlarla start götürməsinə baxmayaraq, bütün media qurumlarını da bu prosesdə iştirak etməyə dəvət edib.

Sonra isə media nümayəndələrinin sualları cavablandırılıb. Nihad Allahyarlı layihənin müxtəlif modullarla 3 ay davam edəcəyini, yetişdirilən kadrların müxtəlif media qurumlarında işlə təminolunma imkanlarının ola biləcəyini diqqətə çatdırıb.

Qeyd edək ki, platforma daxilində gənc jurnalist və blogerlərin yetişdirilməsi, onların xüsusi təlim, seminar, praktika və görüşlərdə iştirakı təmin ediləcəkdir.

 

İNTERPRESS.AZ