Nigeriyada 2014-cü ildə terror təşkilatı Boko Haram tərəfindən məktəbə basqın zamanı girov götürülən daha bir qız xilas edilib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, Nigeriya ordusu Borno əyalətinin Laqara bölgəsində terror təşkilatı Boko Haram-a qarşı əməliyyat keçirib.
Əməliyyatda Boko Haramın girov saxladığı Çibok qızlarından 27 yaşlı Meri Nkeki xilas edilib.
Nkekinin 2 uşağının qida çatışmazlığından öldüyü müəyyənləşib, Nkekinin təşkilat üzvü olan əri əməliyyat zamanı orduya təslim olub.
2014-cü ildə Çibok şəhərindəki internat məktəbindən 276 məktəbli qız qaçırılıb.
Boko Haram terror təşkilatı 2014-cü il aprelin 14-də ölkənin şimal-şərqindəki Borno əyalətinin Çibok şəhərindəki internat məktəbinə basqın edərək 276 qızı qaçırıb.
Tələbələrdən 57-si qısa müddət sonra təşkilat üzvlərinin əlindən xilas ola bilib. Təhlükəsizlik qüvvələrinin təşkilata qarşı təşkil etdiyi əməliyyatlarda 107 şagird xilas edilib.
Nigeriyada 2000-ci illərin əvvəllərindən bəri mövcud olan Boko Haramın həyata keçirdiyi kütləvi zorakılıqlarda on minlərlə insan həyatını itirib.
Təşkilat 2015-ci ildən ölkənin sərhəd qonşuları Kamerun, Çad və Nigerdə də hücumlar həyata keçirir.