Nigeriya ordusu ötən həftə ölkənin şimal-şərqində həyata keçirdiyi əməliyyatlarda terror təşkilatı Boko Haram tərəfindən girov götürülən 49 nəfəri xilas edib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Nigeriya Müdafiə Nazirliyinin Media Əməliyyatları Direktoru Edvard Buba verdiyi açıqlamada ordunun son bir həftədə ölkənin şimal-şərqindəki Borno əyalətində Boko Harama qarşı əməliyyatlar keçirdiyini bildirib.
Buba qeyd edib ki, əməliyyatlar zamanı terrorçular tərəfindən girov götürülən uşaqların da olduğu 49 nəfər xilas edilib.
Əməliyyatlar zamanı 50 terrorçunun zərərsizləşdirildiyini bildirən Buba 114 terrorçunun ələ keçirildiyi və terrorçulara məxsus xeyli miqdarda sursatın ələ keçirildiyi barədə məlumat yayıb.
2000-ci illərin əvvəllərindən Nigeriyada mövcud olan Boko Haramın 2009-cu ildən bəri təşkil etdiyi kütləvi zorakılıqlarda minlərlə insan həyatını itirib.
Təşkilat 2015-ci ildən ölkənin sərhəd qonşuları Kamerun, Çad və Nigerdə də hücumlar həyata keçirir.