Ombudsman Aparatının da təmsil olunduğu Vətəndaşsızlıq məsələləri üzrə yaradılan İşçi Qrup fəaliyyətə başlayıbbackend

Ombudsman Aparatının da təmsil olunduğu Vətəndaşsızlıq məsələləri üzrə yaradılan İşçi Qrup fəaliyyətə başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK-ın) təklifi ilə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən verilmiş müvafiq tapşırıq əsasında Vətəndaşsızlıq Məsələləri üzrə İşçi Qrup yaradılıb.

Ombudsman Aparatından İnterpress.az -a bildirilib ki, İşçi Qrupun əsas məqsədi ölkəmizin beynəlxalq öhdəliklərinə əsaslanaraq respublikada vətəndaşsızlıq hallarının aradan qaldırılması ilə əlaqədar işlərin təşkil olunması, qurumlar arasında qarşılıqlı fəaliyyətin kollegial qaydada əlaqələndirilməsi, bununla bağlı qəbul edilmiş müvafiq qərarların icrasının təmini, habelə praktiki işlərin operativ həll edilməsindən ibarətdir.

İşçi Qrupun əlaqələndirilməsini həyata keçirən Dövlət Miqrasiya Xidməti ilə yanaşı, Daxili İşlər Nazirliyi, Xarici İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Ombudsman Aparatı və BMT QAK-ın Azərbaycandakı Nümayəndəliyinin təmsil olunduğu bu İşçi Qrupun ilk iclası 22.09.2020-ci il tarixdə keçirilib. Həmin iclasda İşçi Qrupun üzvləri olan Ombudsman Aparatının əməkdaşları Vüqar Heydərov və Turan Cahangirova iştirak ediblər.

Tədbirdə İşçi Qrupun məqsədləri, vətəndaşsızlıq hallarının aradan qaldırılması ilə bağlı görülmüş işlər, həmçinin vətəndaşsızlıq vəziyyətində olan şəxslərin müəyyənləşdirilməsi, geniş məlumat bazasının formalaşdırılması, bu sahədə əhalinin məlumatlılığının artırılması və digər əlaqəli məsələlər müzakirə edilib.

Bununla yanaşı, vurğulanmalıdır ki, hazırda Ombudsman Aparatı, Dövlət Miqrasiya Xidməti və BMT QAK-ın Azərbaycandakı Nümayəndəliyinin birgə səyləri ilə fundamental insan hüquqlarından olan vətəndaşlıq hüququnun təmini ilə bağlı maarifləndirici vəsait hazırlanmaqdadır.

 

İnterpress.az