Orduxan Qəhrəmanzadə ATƏT-in iclasında Ermənistanın cinayətlərilə bağlı beynəlxalq qurumlara çağırış edibbackend

Orduxan Qəhrəmanzadə ATƏT-in iclasında Ermənistanın cinayətlərilə bağlı beynəlxalq qurumlara çağırış edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

“Bir milyon azərbaycanlı məcburi köçkünün əzab çəkməsinə, Azərbaycanın dini və mədəni irsinin dağıdılmasına baxmayaraq beynəlxalq media orqanları onilliklər boyunca susublar.

Bu gün bölgəmizdəki ən böyük problemlərdən biri Azərbaycan ərazisinin keçmiş erməni işğalı nəticəsində minalarla çirklənməsidir. Biz hələ də azad edilmiş ərazilərdə yerləşdirilmiş minaların və digər partlayıcı maddələrin dəqiq xəritəsini əldə etməmişik. Minaların mülki şəxslərə qarşı fərq qoyulmadan istifadəsi, həmçinin xəritələrə çıxışın olmaması dinc əhaliyə olan hədsiz xəsarət və  əziyyətlərə səbəb olmaqda davam edir. 2021-ci il iyunun 4-də Azərbaycanın Kəlbəcər rayonunda minanın partlaması nəticəsində iki azərbaycanlı jurnalist həlak olub.

Regionda sülh və  birgə yaşayışa töhfə verməli olan media qurumlarının qərəzli yanaşmaları münaqişənin qızışdırılmasına xidmət edir. Buna görə də, mən ATƏT-ə üzv dövlətləri siyasətdən uzaq və azad mühiti təmin etməklə yeganə məqsədi fundamental azadlıqların və əsas insan hüquqlarının təşviqi olan ifadə azadlığına və medianın inkişafına şərait yaratmağa çağırıram.”

Bu sözləri Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının baş katibi Orduxan Qəhrəmanzadə ATƏT-in “Varşava İnsan Ölçüsü” Konfransının 5-ci günündə fikir və ifadə azadlığına dair plenar iclasda çıxışı zamanı deyib.

Orduxan Qəhrəmanzadə cəmiyyətin inkişafı üçün  ifadə və media azadlığının olmasının, media qurumlarının siyasətdən kənar və  qərəzsiz yanaşmasının vacibliyini vurğulamış, Azərbaycan ərazisinin erməni işğalı nəticəsində minalarla çirklənməsi və yerləşdirilmiş minaların və digər partlayıcı maddələrin dəqiq xəritəsinin əldə edilə bilməməsi nəticəsində dinc əhalinin zərər çəkməsi məsələsinə toxunmuşdur. Qeyd edək ki, konfransın moderatoru Ermənistan nümayəndəsinin qərəzli çıxışını müdaxiləsiz dinləməsinə baxmayaraq haqlı mövqeyimizi ifadə edən nümayəndəmizin nitqinə müdaxilə etmişdir.

Çıxışı zamanı O. Qəhrəmanzadə ATƏT regionu ilə əlaqəli olan media orqanlarının fəaliyyəti ilə bağlı fikirlərini bölüşmüş, istər yerli, istər regional, istərsə də beynəlxalq media qurumlarını azad şəkildə həqiqəti dəstəkləməyə çağırmışdır. O həmçinin inklüziv mühitdə sağlam dialoq olmadan, nə inkişafdan, nə də sülhdən danışmağın mümkünsüzlüyünə vurğu etmişdir. Beynəlxalq media orqanlarının həqiqət və ədalət fəlsəfəsindən çox şəxsi maraq və siyasətə əsaslanmış davranışları regionda inkişafı, sağlam dialoq mühitini təmin etməyə imkan vermir.

Qeyd edək ki, Vətən müharibəsinin ikinci ildönümü ərəfəsində baş tutan Konfransda qeyd edilmiş əsaslı fikirlər Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işinə xüsusi töhfə vermişdir.