Aralıq dənizini keçərək İtaliyanın cənubundakı Lampeduza adasına çatan nizamsız immiqrantların sayı dünən 5 min 112 olaraq qeyd edilib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Mərkəzi Aralıq dənizində Afrikadan Avropaya qeyri-müntəzəm miqrasiya yolu üzərində yerləşən İtaliyanın Şimali Afrikaya ən yaxın ərazisi olan Lampeduza adası nizamsız immiqrant axınına məruz qalmağa davam edir.
İtaliyanın ANSA agentliyinin xəbərinə görə, dünən adaya gələn immiqrantların sayı 5 min 112 nəfərə çatıb. Gəlişlərin gecə yarısından sonra davam etdiyi və təxminən 1000 nəfərin daha Lampeduzaya gəldiyi bildirilib.
Hazırda adada 6 min 792 qeyri-qanuni immiqrantın olduğu və immiqrantların gəlişinin davam etdiyi bildirilib. Adadakı mühacir sıxlığını idarə etmək üçün yerli hakimiyyət orqanlarının mühacirləri Adadan materikə təxliyyə etməyə çalışdığı bildirilib.
Lampeduza Bələdiyyə Başçısı Filippo Mannino dünən axşam verdiyi açıqlamada adanın 24 saatdır eniş dalğasına məruz qaldığını və bu “şok dalğasına” tab gətirə bilməyəcəyini bildirib. Bu arada mühacirlərin gəlişi zamanı Qvineyadan olduğu deyilən azyaşlı ananın 5 aylıq körpəsinin adanın yaxınlığında dənizə düşərək öldüyü mətbuatda yayılıb.
İtaliya Daxili İşlər Nazirliyinin son gəlişlərdən əvvəl paylaşdığı məlumatlara görə, 1 Yanvar – 11 Sentyabr tarixləri arasında dənizdən İtaliyaya keçən qeyri-qanuni mühacirlərin sayı 116 min 28 olub. Ötən ilin eyni dövründə bu rəqəm 63 min 498 idi.
Digər tərəfdən İtaliya mətbuatında yer alan xəbərlərdə Fransanın son günlərdə qeyri-qanuni immiqrant gəlişlərinin artmasının ardından İtaliya ilə sərhədində qeyri-qanuni immiqrasiya ilə mübarizə üçün nəzarətləri artırdığı bildirilib.