Özəlləşdirmə çeklərinin sosial rifaha təsiri: “İnsanların maddi vəziyyəti yaxşılaşar” – Şərhbackend

Özəlləşdirmə çeklərinin sosial rifaha təsiri: “İnsanların maddi vəziyyəti yaxşılaşar” – Şərh

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sirr deyil ki, hər bir ölkənin idarəetməsi qəbul etdiyi qanunlarla tənzimlənir. Ölkəmizdə qanunlara hörmətlə yanaşılsa da, bəzi məsələlərdə səlahiyyətli şəxslərin özbaşınalığı vətəndaşların haqqlarının tapdanmasına yol açır. Belə məsələlərdən biri özəlləşdirmə çekləri ilə bağlıdır.

Qeyd edək ki, 1996-cı ildə tarixi sosial ədaləti təmin etmək üçün ulu öndər Heydər Əliyev tərəfindən 1997-ci ildə anadan olmuş bütün ölkə vətəndaşlarına miras əmlak payı olaraq özəlləşdirmə çeki verilib. Bu çeklər dövlət qiymətli kağızları olmaqla yanaşı, həm də mülkiyyət hüququ daşıyır.

Xatırladaq ki, bu çeklərin hər birinin dəyəri eynidir. Özəlləşdiriləcək bütün dövlət əmlakının 65 faizi özəlləşdirmə çekləri vasitəsilə aparılmalıdır. Hər bir çekin dəyəri isə 1/32 milyonda hissədir. Bu hissəyə düşən əmlak ekvivalenti payı qanunda infilyasiyadan qorunan əmlak ekvivalenti payı kimi göstərilib. Eyni zamanda bu özəlləşdirmə paylarının banklarda girov qoyulması hüququ qanunla təmin olunub. Bu, o deməkdir ki, özəlləşdirmə çeklərinin hər birinə dövlət əmlakından düşən səhmlərin dəyəri eyni olmalıdır.

Ulu öndər Heydər Əliyevin təsdiqlədiyi və bu gün də qüvvədə olan özəlləşdirmə haqqında əsasnamənin 5-ci bəndi ilə özəlləşdirmə çekləri indi də dövriyyədə olmalı idi. Lakin hazırda çeklərin tədavülü qeyri-qanuni şəkildə dayandırılıb və bu, vətəndaşların haqlı narazılığına səbəb olub.

Mövzu ilə bağlı sosial sahə üzrə mütəxəssis İlqar Hüseynli Pia.az-a açıqlamasında bildirib ki, özəlləşdirmə çeklərinin yenidən tədavülə buraxılması və ya əlində çeki qalan vətəndaşlara güzəştlərin tətbiq olunması vacibdir:

“O vaxtı paylanan özəlləşdirmə çeklərinin əsas mahiyyəti hər bir Azərbaycan vətəndaşının ölkə ərazisində olan dövlət mülkiyyətinin hansısa bir hissəsinə sahib olmaq idi. Bu çeklər vətəndaşlara paylanarkən özəlləşdirmə prosesi o qədər sürətlə həyata keçirildi ki, əksər insanlar bu hərraca qatıla bilmədi. Digər qisimin payına düşən çeklərin sayı isə həmin özəlləşdirmə prosesində iştirak üçün yetərli olmadı. Nəticədə əlində çeki qalan şəxslər gələcəkdə daha səmərəli yatırımlarda iştirak edəcəklərini düşünürdülər.

Fikrimcə, özəlləşmə və hərrac prosesinin davam etdiyi indiki dövrdə özəlləşdirmə çeklərinin yenidən dövriyyə buraxılmasına yol açmaq çox vacibdir. Bununla yanaşı, özəlləşdirmə çeklərinin satışı daha yüksək məbləğlə təmin edilə bilər. Bu fonda çek sahibi olan vətəndaşlar onlara məxsus mülkiyyəti də sata bilərlər. Nəticədə insanların maddi vəziyyəti yaxşılaşar. Ümumiyyətlə, özəlləşdirmə çekləri istiqamətində atılan hər bir addım müsbət hal olacaq. Bu, əhalinin sosial vəziyyətini yaxşılaşdırmaqla və hüquqlarının bərpası ilə yanaşı, insanların dövlətə olan etimadını da artıracaq”.