Son günlər meyvə-tərəvəzin bazarlardan çox küçələrdə, yol kənarlarında, xüsusən də, metro və avtobus dayanacaqlarında satışının şahidi oluruq. Bu satış yerləri insanların rahat hərəkətinə mane olmaqla yanaşı, həmin yerlərdə antisanitar vəziyyət də yaranır.
Mövzu ilə bağlı İnterpress.az-ın suallarını qida eksperti İlkin Şirinov cavablandırıb.
O bildirib ki, küçə satışında vəziyyət hər cəhətdən ürəkaçan deyil.
“Bu günlər ən problemli məsələlərdən biri havaların istiləşməsi ilə əlaqədar olaraq meyvə-tərəvəz satışlarının intensivləşməsidir. Bu intensivləşmə gətirib nəyə çıxardır?
Bu günlər küçələrdə meyvə və tərəvəzin satışı artıq bir ənənəvi xarakter alıb. Həmin o meyvə-tərəvəzlərin satışı olan yerlərdə, yəni metroların qarşısı, müəyyən insanların toplaşdığı yerlər, bazarların qarşısı, avtobus dayanacaqlarında vəziyyətə baxsaq, antisanitar vəziyyət görərik.
Həmin o meyvə-tərəvəz satılan yerdə soyüq qida zəncirindən ümumiyyətlə danışmaq olmaz. Bu satış nöqtələrində, küçə satışı ilə məşğul olan yerlərdə məhsulların saxlanması üçün heç bir şərait yoxdur.
Orada satışla məşğul olan insanların heç birinin tibbi müayinəsi yoxdur. Tam əminliyinə demək olar ki, bu yoxdur. Çünki onların heç bir qeydiyyatı yoxdur, qeydiyyatsızdırlar.
Məsələn, müəyyən topdancılardan həmin məhsullar alınır, üzərinə də müəyyən bir marja qoyulur və həmin maşınların yük yerlərində satışı təşkil olunur. Qarpız, yemiş, pomidor, xiyar, müxtəlif tərəvəzlər, ərik, şaftalı və s. satılır.
Hətta bunu bir böyüdənlər də var. Əvvəl bir yeşik, sonra beş yeşik, on yeşik, artıq burada sanki bir bazar xarakteri daşıyır və belə satış
məntəqələri get-gedə böyüyür”, – ekspert bildirib.
Daha sonra İ.Şirinov istehlakçılara tövsiyələrini verib.
“Burada isə heç bir nəzarət mexanizmi tənzimlənmir, əsas məsələni ora yönətmək lazımdır.
Çünki bu günlərdə həmin yerlərdən məhsul alan, o məhsulla bağlı hər hansısa bir problem çıxdıqda müraciət ediləsi bir yer yoxdur. Səbəb
nədir? Çünki bu insanların heç bir qeydiyyatı yoxdur.
Bu insanlar hər hansısa bir nəzarətdən keçmirlər. Sadəcə bu gün buradadırlar. Sabah həmin o maşının yük yerinə başqa bir meyvə, tərəvəz yığıb başqa bir həyətdə satırlar və yaxud başqa bir dayanacaqda dayanırlar.
Bu baxımdan mən istehlakçıların, müştərilərin meyvə tərəvəz aldıqları yerin, ümumiyyətlə, qida məhsulları aldıqları yerin birinci sanitar-gigiyenik normallarının hansı səviyyədə və yaxud hansı vəziyyətdə olduğunu diqqətinə çatdırmaq istəyirəm. Birinci buna fikir verilməlidir və aldıqları məhsulu
kimdən aldıqlarını, haradan aldıqlarını ən azından etibarlı satış nöqtəlindən almaqlarını daha məqsədə uyğun görürəm”, – ekspert fikrini yekunlaşdırıb.
Xuraman Etibarlı
İnterpress.az