Dünən, mayın 15-də Ermənistanın baş naziri Nikol Paşinyan Albaniyanın paytaxtı Tiranada Azərbaycan İctimai Televiziyasının müxbirinin suallarına cavab verib. O, bəyanatlarında Azərbaycanla sülh müqaviləsi imzalanması ilə bağlı müxtəlif və ziddiyyətli fikirlər səsləndirib.
Paşinyanın bəyanatlarını İnterpress.az-a açıqlamasında politoloq Əlimusa İbrahimov şərh edib.
O bildirib ki, əslində Paşinyan sülh müqaviləsi üzrə danışıqların hansı mərhələdə olması barədə Ermənistan tərəfinin mövqeyini ortaya qoyub.
“Ermənistanın baş naziri Nikol Paşinyan Albaniyanın paytaxtı Tiranada Azərbaycan İctimai Televiziyasının müxbirinin suallarını cavablandırarkən əslində Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması istiqamətində aparılan danışıqların hansı mərhələdə olması barədə Ermənistan tərəfinin mövqeyini ortaya qoyub.
Cavabdan görünür ki. baş nazir Azərbaycanın sülh müqaviləsinin imzalanması üçün Azərbaycan tərəfinin irəli sürdüyü tələblərlə qismən razıdır və bu tələbləri yerinə yetirmək istiqamətində düşünür.
ATƏT-in Minsk qrupunun fəaliyyətinin dayandırılmasının vacibliyini Ermənistan nəinki qəbul edir, hətta müqavilənin imzalanması prosesində bunu yerinə yetirməyə hazırdır.
Sadəcə müqavilə imzalanmadan, və ya müqavilənin imzalanmasına ciddi zəmanət olmadan bu addımı atmaqdan çəkinir. Çünki ATƏT-in Minsk qrupunun ləğv olunması ilə bağlı Ermənistanın məsələ qaldırması onun Avropalı dəstəkçiləri ilə münasibətlərinin pozulmasına səbəb ola bilər. Buna görə də o, heç olmasa müqavilənin imzalanmasını özü üçün əsas kimi götürməyə çalışır”, – politoloq vurğulayıb.
Ə.İbrahimov Ermənistanın konstitusiyasında dəyişiklik edilməsi məsələsinidə Paşinyanın qorxularının səbəblərindən də danışıb.
“Ermənistan konstitusiyasında dəyişiklik edilməsi məsələsi Paşinyan üçün bir qədər çətin məsələ kimi görünür. Əslində, Ermənistan Konstitusiyasında dəyişiklik edilməsini Ermənistan baş naziri qəbul etməyə meyillidir və bu istiqamətdə addımlar atılır.
Konstitusiya komissiyası yaradılıb, yeni variant üzərində işlər aparılır. Amma bu addımın Paşinyanın reytinqinə mənfi təsir göstərə biləcəyini nəzərə alaraq, onu seçkilərdən sonraya saxlamağa çalışırlar. Sülh müqaviləsini imzalamaq isə nə qədər tez olsa, bir o qədər Ermənistan üçün faydalıdır.
Məhz buna görə də azərbaycanlı müxbirin suallarını cavablandırarkən baş nazir Ermənistan Konstitusiyasında dəyişiklik edilmədən də sülh müqaviləsini imzalamağın mümkünlüyünü müdafiə etməyə çalışır.
Amma bildiyimiz kimin Azərbaycan öz işində daha ehtiyatlı olmağı üstün tutaraq konstitusiyada Azərbaycan torpaqlarına iddiaların götürülməsindən sonra müqaviləni imzalamağı tələb edir”, – politoloq fikrini yekunlaşdırıb.
Xuraman Etibarlı
İnterpress.az