İddialara görə, baş nazir tərəfdarı olan ruhani qrupu formalaşdırıb və məqsəd Katolikosun istefaya getməsinə nail olmaqdır.
Interpress.az xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti məlumat yayıb.
Erməni nəşrinin iddiasına görə, Ermənistanın baş naziri Nikol Paşinyan bütün ermənilərin Katolikosu II Qaregini “kənarlaşdırmaq” məqsədi ilə hökumətə yaxın bir qrup ruhanini formalaşdırıb.
Mənbələrin bildirdiyinə görə, bu ruhanilər daxili müzakirələrdə Katolikosun ətrafını “kilsədə yaranmış gərginliyə səbəb olmaqda” davamlı ittiham etməli, bununla da kilsə daxilində narazılıq dalğası yaradılmalıdır.
Məqsəd – II Qareginin artan daxili təzyiq fonunda postunu tərk etməsinə nail olmaqdır.
Mənbələr bildirir ki, “təzyiq daha da güclənəcək və tezliklə istənilən nəticə əldə olunacaq”.
Qəzet yazır ki, bu qrupun başında Ovanavank monastırının keşişi Aram Asatryan dayanacaq. O, vaxtilə II Qaregin tərəfindən rütbədən məhrum edilib.
Nəşrin iddiasına görə, Asatryana hakimiyyət tərəfindən “istədiyi kimi hərəkət etmək üçün tam təminat verilib”.
Planın sonunda II Qaregin kənarlaşdırıldıqdan sonra Asatryanın kilsəyə qaytarılması və onunla bağlı əvvəlki qərarın ləğv edilməsi nəzərdə tutulur.
Xuraman Etibarlı
Interpress.az






