PKK-nın ləğvi: “Bu, Türkiyənin apardığı siyasətin və gərgin mübarizənin nəticəsidir” – ŞƏRHbackend

PKK-nın ləğvi: “Bu, Türkiyənin apardığı siyasətin və gərgin mübarizənin nəticəsidir” – ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

PKK və ya Kürd Fəhlə Partiyası silahı yerə qoymaq qərarını elan edib. PKK-nın Türkiyə ilə 40 ildir davam edən münaqişəsində 40 mindən çox insan ölüb.

Bu qərar 1999-cu ildən həbsdə olan, PKK lideri Abdulla Öcalanın qruplaşmanın ləğvi tələbindən üç ay sonra verilib.

PKK-nın özünü ləğv etməsi Prezident Recep Tayyip Erdoğan üçün böyük bir qələbə ilə yanaşı, həm də regionda əhəmiyyətli təsirlərə gətirib çıxaracaq.

Maraqlıdır, 40 ildən çox fəaliyyəti olan bir təşkilatın özünü buraxması formal xarakter daşımır ki? Yəni illərlə formalaşmış bu təşkilat başqa ad altında gizli fəaliyyət göstərə bilərmi?

Mövzu ilə bağlı İnterpress.az-ın suallarını politoloq Əlimusa İbrahimov cavablandırıb.

O bildirib ki, PKK-nın özünü ləğv etməsi Türkiyənin həm daxildə, həm də beynəlxalq səviyyədə apardığı siyasətin nəticəsidir.

“PKK-nın özünü buraxması Türkiyənin həm daxildə, həm də beynəlxalq səviyyədə apardığı siyasətin təntənəsidir. Bu, Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın 10 illərdir apardığı gərgin mübarizənin nəticəsidir. Bu, elə Ərdoğanın və onun komandasının qələbəsidir.

PKK-ya qarşı Türkiyənin apardığı mübarizə bizim gözümüzün önündədir və Türkiyə xalqına bu mübarizənin nələr hesabına başa gəldiyini gözəl bilirik. Əlbəttə ki, bu təşkilatın özünü buraxmasını qəbul etmək istəməyən qüvvələr vardır və bu qüvvələr məhz türk xalqına, türk dövlətinə olduğu qədər də elə kürd xalqına düşmən olan ünsürlərdir. Axı PKK-nın 49 illik terror hərəkatı zamanı dünyasını dəyişən 40 min insanın ən azı yarısı məhz bu terror qrupunun üzvləri arasında olanlardan ibarətdir”, – ekspert qeyd edib.

Əlimusa İbrahimov onu da əlavə edib ki, Türkiyəyə düşmən olan bəzi xarici qüvvələr bundan sonra Türkiyəyə qarşı PKK kartından əvvəlki kimi istifadə edə bilməyəcəklər.

“PKK-nın silahı buraxmasını istəməyən qüvvələr bundan sonra belə Türkiyə və türk xalqına qarşı müəyyən təxribatçı addımlar ata bilərlər. Amma bütün bunların Türkiyənin təhlükəsizliyi üçün heç bir təsiri olmayacaq. Türkiyə bundan sonra terror qruplarına qarşı daha ciddi mübarizə aparacaq. Bu mandatı ona PKK-nın silahı buraxması haqqında məlum qərarı verdi. Türkiyə düşməni olan bəzi xarici qüvvələr də bundan sonra Türkiyəyə qarşı PKK kartından əvvəlki səviyyədə istifadə edə bilməyəcəklər.

PKK-nın özünü buraxması Türkiyəni yeni güc mərkəzinə – qlobal çağırışların həll olunmasında mühüm rol oynaya biləcək bir güc mərkəzinə çevirəcək. Türkiyənin gələcəyi daha parlaq, daha firavan olacaq. Bütün Türkiyə və Türk dövlətləri üçün xeyirli olsun!”, – politoloq vurğulayıb.

Xuraman Etibarlı

İnterpress.az