Yadplanetlilərdən gələn siqnallara BMT-nin razılığı olmadan cavab vermək qadağan edilib.
İnterpress.az xəbər verir ki, bu barədə “The Guardian” qəzeti məlumat yayıb.
Beynəlxalq Kosmonavtika Akademiyası (IAA) və “SETI” (Yadplanetli İntellektinin Axtarışı) İnstitutu yadplanetli sivilizasiyalarla mümkün əlaqələrin qurulması və siqnalların elan edilməsi qaydalarını son 16 ildə ilk dəfə olaraq rəsmən yeniləyiblər.
Yenilənmiş beynəlxalq qaydalar toplusuna əsasən, astronomlar və tədqiqatçılar kosmosdan kənar sivilizasiyalardan gələn hər hansı aydın siqnal və ya məlumat qəbul etsələr belə, Birləşmiş Millətlər Təşkilatının (BMT) rəsmi razılığı və geniş beynəlxalq müzakirələr olmadan onlara birbaşa cavab siqnalı göndərə bilməzlər.
Yeni protokollara görə, hər hansı yadplanetli siqnalı aşkar edildikdə, alimlər dərhal tələsik bəyanat verməməlidirlər. İlk növbədə, həmin siqnal müxtəlif rəsədxanalarda, tamamilə fərqli cihaz və avadanlıqlarla müstəqil şəkildə yoxlanılmalı və onun qlobal saxtakarlıq (deepfake) və ya yerüstü texniki maneə olmadığı sübuta yetirilməlidir.
Yalnız elmi konsensus əldə olunduqdan sonra tapıntı barədə rəsmi olaraq BMT Baş Katibinə və dünyaya məlumat verilməlidir.
Mançester Universitetinin astrofizika üzrə professoru Maykl Qarretin rəhbərliyi ilə hazırlanan bu yenilik müasir dövrdə sosial şəbəkələrin, süni intellektin, saxta xəbərlərin və kütləvi manipulyasiyaların artması fonunda cəmiyyətdə yarana biləcək kütləvi təşviş və xaosun qarşısını almaq məqsədi daşıyır.
Protokollarda həmçinin kəşf haqqında ilkin məlumatların rəsmi təsdiqlənmədən mediada və internetdə yayılmaması tövsiyə olunur.
Alimlər bildiriblər ki, bəşəriyyətin taleyini dəyişə biləcək belə bir qərar yalnız fərdi alimlərin və ya dövlətlərin deyil, bütün bəşəriyyətin adından və beynəlxalq təşkilatların nəzarəti altında verilməlidir.
Xuraman Etibarlı
İnterpress.az






