Kalininqradda həyat yoldaşının sevgilisinin evini yandırmaq istəyən şəxs səhvən 85 yaşlı təqaüdçünü evsiz qoyub.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Slavsk şəhərində baş verən hadisə iki mənzilli taxta evin quruluşuna görə plana uyğun getməyib.
26 yaşlı qısqanc ərin arvadının yeni sevgilisinin yaşadığı yeri izləyərək müəyyən etdiyi bildirilir. Lakin o, birmərtəbəli taxta evin iki ayrı mənzilə bölündüyündən xəbərsiz olub.
Yanacaq kanistri ilə qayıdan şəxs səhvən rəqibinin deyil, qonşunun mənzilini yandırmağa başlayıb.
Taxta eyvan sürətlə alovlanıb. Hadisə gecə saatlarında baş versə də, qonşular yanğını görərək yanğınsöndürənləri çağırıblar.
Evin 85 yaşlı sahibi təxliyə edilib, yanğın söndürülsə də, qoca qadının əmlakı tamamilə məhv olub və o, qohumlarının yanına sığınmaq məcburiyyətində qalıb.
Sevgilinin mənzilinə isə demək olar ki, heç bir zərər dəyməyib.
Kalininqrad vilayəti üzrə DİN şöbəsi faktla bağlı cinayət işi qaldırıb, şübhəli şəxs saxlanılıb.
Xuraman Etibarlı
İnterpress.az






