Moskva ətrafında gizli mərkəzdə yeniyetmələrə işgəncə verilib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Asılılıqdan müalicə adı ilə fəaliyyət göstərən mərkəzdə uşaqlar döyülüb, biri komadadır.
Məlumata əsasən, noyabrın 23-də 16 yaşlı oğlan huşsuz vəziyyətdə, çoxsaylı xəsarətlər və döyülmə izləri ilə reanimasiyaya çatdırılıb. Onun əl və ayaqlarında bağlanma izləri də aşkar edilib.
Bu hadisədən sonra yeniyetmələr üçün gizli fəaliyyət göstərən “reabilitasiya” mərkəzinin əsl üzü açılıb.
Məlum olub ki, Moskva vilayətinin Dedovsk şəhərində yerləşən Anna Xobotovanın mərkəzində avqust ayından noyabra qədər 11-17 yaş arası 24 yeniyetmə zorla saxlanılıb və döyülüb. Zərərçəkən uşaqlardan biri hazırda komadadır.
Müqaviləyə əsasən uşaqlarla psixoloqlar işləməli olduğu halda, mərkəzin sakinləri qəddarcasına döyülüb və işgəncələrə məruz qalıb.
Moskva vilayəti İstintaq Komitəsinin məlumatına görə, mərkəz saxta müqavilələrlə pul qazanan bir qrup tərəfindən təşkil edilib və orada heç bir tibbi xidmətdən söhbət gedə bilməzdi.
İşgəncələrdə mərkəzin 18 yaşlı əməkdaşının da iştirak etdiyi bildirilir. O və administrator ittiham olunub. “İşgəncə mərkəzi”nin təşkilatçıları isə qaçmağa müvəffəq olublar, hazırda axtarışdadırlar.
Xuraman Etibarlı
İnterpress.az






