“Rusiya bunu düzəltməsə, Qarabağa heç mismar da gətirə bilməyəcək”backend

“Rusiya bunu düzəltməsə, Qarabağa heç mismar da gətirə bilməyəcək”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyanın bir çox ölkələri kimi, Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etmiş Rusiya artıq belə görünür ki, fikrini dəyişib və Dağlıq Qarabağı Azərbaycanın ərazisi saymır.

Rusiya Müdafiə Nazirliyi Qarabağa yerləşdirilmiş sülhməramlılarına xidmət üçün tender elan edib və elanın mətnində Dağlıq Qarabağ Respublikası ifadəsini işlədib.

Bu, texniki səhv də ola bilər, ancaq belədirsə də, çox güman ki, bu, Rusiyanın Cənubi Qafqazda stereoptiplərini əks etdirən bir məqamdır.

Yox, əgər səhv deyilsə, bu, regionun gələcəyini müəyyənləşdirəcək hadisələrə işarə verən əlamət sayıla bilər.

Azərbaycan bu məsələyə hələ ki, rəsmi münasibət bildirməyib, ancaq rəsmi Bakının mövqeyi belədir ki, Qarabağın statusu məsələsi artıq gündəmdə deyil və Qarabağ erməniləri Azərbaycan vətəndaşlarıdır.

Buna baxmayaraq, hazırda keçmiş Dağlıq Qarabağda inzibati hakimiyyət özünü “Dağlıq Qarabağ” və ya “Artsax Respublikası” elan etmiş separatçıların əlindədir və bölgə 2000 Rusiya sülhməramlısının nəzarətindədir.

Elanda yazılıb: “Rusiya Federasiyası Müdafiə Nazirliyinin Dağlıq Qarabağ Respublikası ərazisində yerləşən hərbi şəhərciklərinin kazarma-mənzil fonduna hərtərəfli qulluğun təşkili və aparılması üzrə xidmətlərin göstərilməsi”.

Erməni sosial media istifadəçiləri bunu Rusiya Müdafiə Nazirliyinin Dağlıq Qarabağı ayrıca respublika olaraq tanıması kimi şərh edir, xəbər saytları isə Azərbaycanda Rusiya MN tender elanındakı “Dağlıq Qarabağ Respublikası” ifadəsilə bağlı “isterika” baş qaldırdığını qeyd edirlər.

Azərbaycanda bəzi təhlilçilər hesab edir ki, Rusiya Müdafiə Nazirliyi tender elanında belə bir ifadəni qəsdən seçib və Azərbaycana təzyiq üçün istifadə edir.

Rusiyadakı MDB Ölkələri İnstitutunun Qafqaz şöbəsinin müdiri Vladimir Novikov deyir ki, bu ifadədə qeyri-adi heç nə görmür.

“Biz başa düşürük ki, Rusiya Federasiyasının rəsmi doktrinası deyir ki, status müəyyən edilməyib, burada belə bir şey görmürəm”, o BBC Azərbaycancaya deyib.

“Bəli, Azərbaycan statusun cəhənnəmə getdiyini bəyan edir… Minsk Qrupunun əsas qurucuları – ABŞ, Fransa və Rusiya Federasiyası dünya siyasətinin münaqişəli gündəmləri haqqında fərqli fikirlərə sahibdirlər, amma Dağlıq Qarabağın statusunun müəyyən olunmadığı və onun hələ müəyyən olunacağı barədə onlar eyni fikirdədirlər”, deyə o əlavə edib.

Elan Rusiya hökumətinin satınalmalar saytında avqustun 13-də yerləşdirilib.

Millət vəkili Aydın Mirzəzadə ümid edir ki, Rusiya Müdafiə Nazirliyinin satınalma elanında ifadə olunan “Dağlıq Qarabağ Respublikası” texniki yanlışlıqla yazılıb.

“Rusiya Azərbaycanın ərazi bütovlüyünü tanıyır, üçtərəfli 10 noyabr və 11 yanvar sazişlərini imzalayanlardan biridir və belə bir xəta yol verilməzdir,”- millət vəkili Aydın Mirzəzadə BBC News Azərbaycancaya deyib.

O əlavə edib ki, Azərbaycan buna ciddi reaksiya verməlidir və “Rusiya tərəfi bu xətanı mütləq düzəltməlidir”.

Millət vəkili Rasim Musabəyov da bunu texniki səhv hesab edir və deyir ki, Rusiya bunu düzəltməsə, o tenderin qalibi Azərbaycana “heç mismar da gətirə bilməyəcək”.

Onun fikrincə, bunun texniki xəta olub-olmadığını Rusiyanın davranışı göstərəcək: “Hər halda, bizim etirazımız nəzərə alınarsa, bunu texniki səhv kimi qiymətləndirmək olar. Yox, əgər təkid edib o şəkildə saxladıqları halda bu, siyasi məsələ olacaq”.

Aydın Mirzəzadə hesab edir ki, artıq “Dağlıq Qarabağ anlayışı yoxdur, Azərbaycan Respublikası var və müvəqqəti Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazi anlayışı var. Rusiya bu məsələlərdə həmişə bu terminləri gözləməlidir”.

Millət vəkili əlavə edib ki, Rusiya rəsmiləri indiyə kimi “keçmiş Qarabağ məsələsində” beynəlxalq hüquq normalarını gözləməyə çalışıblar. “Hər halda araşdırılmalıdır. Mən fikir söyləməyə tələsmirəm. Bu, artıq Rusiya tərəfindən araşdırılmalıdır. Qoy araşdırsınlar, səhvdirmi, bilərəkdəndirmi, bu xətanı törədən cəzalandırılmalıdır”.