Rusiya Bankı VDNX kompleksinə həsr olunmuş 25 rublluq xatirə sikkəsi buraxacaq.
İnterpress.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
Rusiya Mərkəzi Bankı ölkənin “Rusiya Memarlıq Abidələri” xatirə sikkələri seriyası çərçivəsində paytaxt Moskvada yerləşən məşhur Ümumrusiya Sərgi Mərkəzinə (VDNX) həsr olunmuş yeni kolleksiya sikkəsi buraxmağı planlaşdırır.
Rəsmi buraxılış qrafikinə əsasən, nominal dəyəri 25 rubl (təxminən 0,58 manat) olacaq bu xatirə sikkəsi qiymətli metaldan (gümüşdən) hazırlanacaq. Sikkənin arxa hissəsində VDNX kompleksinin və onun məşhur pavilyonlarının relyefli təsviri əks olunacaq.
Xüsusi dizayna malik bu kolleksiya sikkəsinin arxa hissəsinin müəyyən detalları qızıl suyuna salınaraq bəzədiləcək ki, bu da binaların memarlıq zərifliyini daha qabarıq şəkildə nümayiş etdirəcək.
Ümumilikdə kolleksiyaçılar və numizmatlar tərəfindən böyük maraqla gözlənilən bu layihə məhdud tirajla buraxılacaq və azad tədavülə buraxılmayacaq.
Xuraman Etibarlı
İnterpress.az






