Petrozavodskda YDM-də benzin növbəsində gözləyən 75 yaşlı təqaüdçü qəfildən vəfat edib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Rusiyanın Kareliya Respublikasının paytaxtı Petrozavodsk şəhərində yanacaqdoldurma məntəqəsində (YDM) növbə gözləyən 75 yaşlı təqaüdçü qəfildən dünyasını dəyişib. Hadisə şəhərdə yerləşən Respublika Xəstəxanasının yaxınlığındakı yanacaqdoldurma məntəqəsində qeydə alınıb.
Şahidlərin sözlərinə görə, yaşlı kişi avtomobilinin çənini doldurmaq üçün bir neçə saat növbədə gözləməli olub. Yanacaq çəninin tam dolmasına cəmi bir neçə litr qalmış o, qəfildən huşunu itirərək yerə yıxılıb.
Hadisə şahidləri və YDM-in meneceri dərhal təcili tibbi yardım çağırıb, onun avtomobili isə digər sürücülərə mane olmaması üçün ərazidən kənara çəkilib.
Fövqəladə vəziyyətlə əlaqədar yanacaqdoldurma məntəqəsinin fəaliyyəti təcili yardım briqadası gələnə qədər müvəqqəti olaraq tamamilə dayandırılıb.
Hadisə yerinə gələn həkimlər təqaüdçünün artıq keçindiyini müəyyənləşdiriblər. İlkin ehtimallara görə, yaşlı kişinin ölümünə qəfil ürək tutması və ya isti hava şəraitində uzun müddət növbədə gözləməyin yaratdığı fiziki gərginlik səbəb olub.
Faktla bağlı yerli hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb.
Xuraman Etibarlı
İnterpress.az






