“Savuşkin produkt” və “Smoleviçi moloko” kəsmiklərində təhlükəli maddə aşkarlanıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (Rosselxoznadzor) məlumat yayıb.
Rosselxoznadzor Belarusun populyar süd məhsulları istehsalçıları olan “Savuşkin produkt” və “Smoleviçi moloko” şirkətlərinin məhsullarında aparılan yoxlamalar zamanı təhlükəli maddə aşkar edib.
Kəsmik məhsullarında “albendazol sulfon” — inəklərin qurd xəstəliklərindən müalicəsində istifadə edilən preparatın parçalanma məhsulu tapılıb.
Mütəxəssislərin sözlərinə görə, heyvanların müalicəsindən sonra maddənin orqanizmdən tamamilə çıxması üçün müəyyən müddət gözləmək lazımdır.
Lakin həmin müddətə riayət edilmədikdə, təhlükəli kimyəvi maddələr südə keçir və kəsmik istehsalı zamanı emal prosesi onları məhv edə bilmir.
Bu maddə insan sağlamlığı üçün ciddi fəsadlara yol aça bilər.
Onun istehlakı mədə-bağırsaq traktının, qaraciyərin və qan dövranı sisteminin zədələnməsinə, eləcə də allergik reaksiyalara səbəb olur.
Bundan əlavə, hamilə qadınlar üçün bu maddə dölün inkişaf qüsurlarına gətirib çıxara biləcək qədər təhlükəlidir.
Belarusun baytarlıq xidmətindən zəruri tədbirlərin görülməsi istənilib.
Həmçinin, “Smoleviçi moloko” və “Savuşkin produkt” (Servolux və Santa şirkətlər qrupu) istehsalçıları barəsində gücləndirilmiş laboratoriya nəzarəti rejimi tətbiq edilib.
Xuraman Etibarlı
İnterpress.az






