Ermənistan Silahlı Qüvvələrinin bölmələri Azərbaycanın Laçın rayonu ərazisində yerləşən Qaragöl istiqamətində sərhəd bölgəsini minalayıblar.
Bu barədə Ermənistanın “Hraparak” qəzetində dərc olunan xəbərdə bildirilib.
Qeyd edilib ki, azərbaycanlı hərbçilərin Qaragöl ərazisindəki mövqelərdə möhkəmlənməsi erməni tərəfində ciddi qorxu və narahatlıq hissini artırıb.
“Oradakı azərbaycanlı hərbçilər qarşısında sərhədimiz o qədər müdafiəsizdir ki, onlar maneəsiz keçib Sisyana qədər gəlib çata bilərdilər”, – deyə “Hraparak” bildirib.
Görünən odur ki, ermənilər dinc dayanmayacaq. Çünki hər gün atəşkəs pozulur.
Maraqlıdır, Xankəndidəki separatçılar nəyə güvənirlər?
Milli Məclisin deputatı Vüqar İskəndərov Cebhe.info-ya açıqlamasında bildirib ki, Azərbaycanın sərhəd bölgələrində hərbi hissələr qurması və sərhədlərdə möhkəmlənməsi erməniləri qorxuya salıb:
“44 günlük Vətən müharibəsində 1 Azərbaycan əsgərinin qarşısından 50 erməni əsgərinin dovşan kimi qaçması bütün ermənilərin yadındadır. Bu qorxunu Azərbaycanın gücü, Ali Baş Komandanın qətiyyəti və Ordumuzun vətənpərvər ruhu yaradıb. Biz erməni xislətinin nə olduğunu bilirik və bu toplumu artıq çox yaxşı tanıyırıq.
Cənab Prezident də dəfələrlə fikirlərində və bəyanatlarında bunları söyləyib. Azərbaycan durmadan öz hərbi gücünü və qüdrətini artırır. Hətta biz postmüharibə dövründə müharibədən əvvəlkindən də çox bu sahəyə maliyyə ayırmışıq və yeni silahlar alınıb. Bu gün çöküş dövrünü yaşayan Ermənistan öz rəzil ordusunun dünya orduları sırasında yer tutması belə sadəcə gülüş doğura bilər.
Lakin buna baxmayaraq, biz gücümüzü artırmağa davam edirik. Azərbaycan Ordusu hər an düşmənin başını əzməyə hazırdır.
Ermənilərin tez-tez Kəlbəcər və Laçın istiqamətində atəşkəsi pozması, o cümlədən hərbi təxribatlar törətməsi düşündürücüdür”.
Vüqar İskəndərov qeyd edib ki, ermənilər bu addımları ilə sülh danışıqlarının pozulması, Azərbaycanın təklif etdiyi prinsiplərə mane olmaq və əldə olunan ilkin razılıqların icrasının ləngidilməsi kimi məqsədlər güdürlər:
“Hazırda Ermənistandakı revanşist qüvvələr iqtidarın siyasətini pozmaq yolunu tutub. Sosial bazası güclü olmasa da, Nikol Paşinyan hakimiyyəti onlardan çəkinir.
Ona görə də Paşinyan Ermənistanın həm Azərbaycan və Türkiyə ilə, həm də xarici siyasətində radikallarla balans siyasəti yeritməyə çalışır. Bu isə Ermənistan siyasətinin qeyri-stabilliyini göstərir. Təbii ki, belə hallar siyasətdə yol verilməzdir. Rəsmi İrəvan anlamalıdır ki, onların yeganə çıxış yolu əldə olunmuş razılıqlara əməl etmək, sülh çağırışlarını qəbul etmək, sərhədlərin delimitasiyasına başlamaq və Azərbaycanla sülh müqaviləsi imzalamalıdır”.
Millət vəkili deyib ki, Xankəndidə olan tör-töküntülər təcili şəkildə oradan yığışdırılmalıdır:
“Bütün bunlar Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin imzaladıqları üçtərəfli Bəyanatdan irəli gələn məsələlərdir.
Yəni Rusiya sülhməramlılarının Azərbaycan ərazilərinə daxil olmasıyla paralel olaraq Ermənistan Silahlı Qüvvələri həmin əraziləri dərhal tərk etməli idilər. Lakin hələ də bu proseslərin yubadıldığını görürük. Bütün bunlar da Azərbaycan və Ermənistan arasında gedən danışıqların pozulmasına gətirib çıxara bilər. Bu isə Ermənistana baha başa gələ bilər.
Rəsmi Bakı bütün bu məsələləri diqqətlə izləyir və hər bir hərəkət analiz olunur. Lazım olan anlarda da tutarlı və adekvat cavablar verilir. Üstəlik, bütün bu məsələlərdə həm siyasi, həm də hərbi cəhətdən güc nisbəti Azərbaycan tərəfdədir. Ermənistan bunu unutmamalı və qəbul olunmuş bəyanatlara əməl etməlidir. Azərbaycanın səbri də hüdudsuz deyil. Hər hansısa ciddi pozuntular Azərbaycan Ordusunun hərəkətə gətirilməsinə səbəb ola bilər. Buna isə artıq Ermənistanın sonu demək olar”.