Sərracın istefa qərarına Türkiyə niyə qarşı çıxdı?backend

Sərracın istefa qərarına Türkiyə niyə qarşı çıxdı?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sərrac oktyabrın sonunda vəzifəsindən getməyə hazır olduğunu bəyan edib, lakin bu, onun hakimiyyətdən getməsi mənasına gəlmir. Məsələ ondadır ki, Sərrac bununla əslində Liviya cəmiyyətinin daha çox kimi dəstəklədiyini həm daxili, həm də xarici rəqiblərinə göstərmək istəyir.

Bu sözləri  siyasi ekspert Vüqar Zifəroğlu Liviya Baş naziri Fayez Sərracın vəzifəsindən istefa verəcəyi haqda açıqlamasını şərh edərkən deyib. O bildirib ki, Sərrac vəzifəsindən getməyə hazır olduğunu bildirsə də, qarşıdan gələcək prezident seçkilərində namizəd olmayacağını deməyib:

“Bu gün Liviyada faktiki olaraq vətəndaş müharibəsi gedir. Müharibənin tərəflərini isə müxtəlif xarici qüvvələr dəstəkləyir. Onu da qeyd edim ki, müharibə həm xalqı, həm dövləti, həm də mübarizə aparan tərəfləri çox yorub. Bu mənada belə bir vaxtda Fayez Sərracın vəzifəsindən istefa verəcəyini deməsi sadəcə etimad yenilənməsi mənasına gələ bilər.

Sərracın köməkçisi ötən gün dedi ki, o, Liviyada hər iki tərəfin razılığı ilə seçkilər keçiriləcəyi təqdirdə vəzifəsindən istefa verəcək. Yəni Sərrac xalqın onu yenidən seçəcəyini düşünür və bu səbəbdən belə bir siyasi gediş edib”.

Ekspertin sözlərinə görə, Fayez Sərracın vəzifəsindən istefa verməsi ilə Türkiyə heç cür barışa bilməz:

“Təsadüfi deyil ki, Sərracın vəzifəsindən istefa verəcəyini deməsindən qısa müddət sonra dərhal Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Ankaranın məsələ ilə bağlı mövqeyini əks etdirən bəyanat yaydı. Sərracı bu gün ən çox dəstəkləyən, hər cür imkanla arxasında olan güc Türkiyədir. Rəsmi Ankaranın dəstəyi ilə Sərrac məğlub durumda ikən Haftara qarşı üstünlüyü ələ ala bildi. Bundan əlavə, Türkiyənin Liviyaya ayırdığı maliyyə yardımı, eyni zamanda infrastruktur işləri iki ölkə münasibətlərinin hazırkı səviyyəsini göstərir. Bu mənada deyə bilərəm ki, rəsmi Ankara Sərracın hakimiyyətdən getməsi ilə barışa bilməz.

Türkiyə və Liviya arasında imzalanan son müqavilələr Türkiyənin regional siyasəti baxımından həyati əhəmiyyət kəsb edir. Rəsmi Ankara hazırkı vəziyyətdə Sərraca alternativ ola biləcək namizəd düşünmür”.

İnterpress.az