Avqust ayında baş verən 1,8 milyard dollarlıq çirkli pulların yuyulması qalmaqalından sonra Sinqapurdakı banklar hesabların açılması da daxil olmaqla müştərilərin lazımi yoxlamasını gücləndiriblər.
“İnterpress.az” xəbər verir ki, bu barədə “Financial Times” qəzeti yazıb.
Nəşrin yazdığına görə, maliyyə qurumları müştərilərə və onların məsləhətçilərinə xəbərdarlıq edib ki, özəl bank hesabının açılması üçün gözləmə müddəti bir aydan 3-4-ə qədər artıb.
Sinqapurun Valyuta Təşkilatı (Mərkəzi Bank – Qeyd) keçən ay bütün əməliyyatları yoxlamaq üçün maliyyə qurumlarına bildiriş göndərib.
“Mərkəzi Bank bu məsələyə çox ciddi yanaşır və maliyyə institutları ilə nəzarət tədbirləri davam edir”, – deyə məlumatda bildirilib.
Qeyd edək ki, cari ilin avqust ayında Sinqapurda çirkli pulların yuyulması, dələduzluq və sənədlərin saxtalaşdırılması ilə bağlı cinayətlərin istintaqı çərçivəsində 10 xarici ölkə vətəndaşı həbs edilib. 400-ə yaxın polis əməkdaşının keçirdiyi reydlər nəticəsində qızıl-zinət əşyaları, qızıl külçələr, nağd pullar və kriptovalyutalar müsadirə edilib.
Bundan başqa 94 mülk və 50-dən çox dəbdəbəli avtomobil müsadirə edilib, 35 bank hesabı dondurulub.