Sankt-Peterburqda bankirlər anbardan 46 milyon manatlıq qızıl sikkələr oğurlayıblar.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Rusiyanın Sankt-Peterburq şəhərində fəaliyyət göstərən yerli bankirlər müasir Rusiya tarixinin ən böyük soyğunçuluq hadisələrindən birini törədiblər.
Məlumata görə, bankın anbarından ümumi dəyəri 2 milyard rubl (təxminən 46 088 000 manat) olan təxminən 160 kiloqram çəkidə qızıl sikkələr oğurlanıb.
İstintaqın ilkin ehtimallarına görə, bu irimiqyaslı oğurluq hadisəsinin arxasında bank filialının rəhbəri və aparıcı meneceri dayanır. Onlar anbardan gizli şəkildə təxminən 9 min ədəd qızıl sikkə çıxarmağı bacarıblar.
Hüquq-mühafizə orqanları üçün bu cütlüyün bankın mürəkkəb təhlükəsizlik sistemlərini necə asanlıqla yan keçməsi və müsadirə olunmuş qızılların hara gizlədilməsi hələ də böyük sirr olaraq qalır.
Oğurlanan sikkələr arasında əsasən “Çervonets” və “Müzəffər Georgi” (Georgiy Pobedonosets) adlı xüsusi investisiya qızıl sikkələri yer alıb.
Faktla bağlı Rusiya İstintaq Komitəsi tərəfindən “külli miqdarda qrup şəklində oğurluq” maddəsi ilə cinayət işi başlanıb.
Şübhəlilərin müəyyənləşdirilərək saxlanılması və qızıl sikkələrin tapılması istiqamətində təcili əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Xuraman Etibarlı
İnterpress.az






