Yekaterinburqda yeniyetmənin burun boşluğundan “ağıl dişi” tapılıb.
İnterpress.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
Rusiyanın Yekaterinburq şəhərində həkimlər tibb tarixində olduqca nadir rast gəlinən əməliyyat həyata keçiriblər. Yeniyetmənin burun boşluğunda inkişaf edən “ağıl dişi” cərrahi yolla uğurla çıxarılıb.
Sverdlovsk vilayətinin Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, həkimlər diş rüşeymini folikulu ilə birlikdə tamamilə çıxarmağı bacarıblar.
Xəstəxanaya müraciət edən gənc pasiyent uzun müddətdir üzünün sol nahiyəsində kəskin ağrılardan, burnunun tutulmasından, baş ağrılarından və göz nahiyəsində yaranan diskomfortdan şikayətlənirmiş.
Aparılan rentgen və tomoqrafiya müayinələrindən sonra həkimlər onun burun boşluğunda yad cisim deyil, məhz yanlış istiqamətdə böyüyən “ağıl dişi” olduğunu aşkarlayaraq böyük təəccüb keçiriblər.
Uğurlu əməliyyatdan sonra pasiyentin bütün ağrıları və şikayətləri tamamilə aradan qaldırılıb, hazırda onun səhhətinin yaxşı olduğu bildirilir.

Xuraman Etibarlı
İnterpress.az






