Türkiyədə NATO sammiti ərəfəsində kütləvi həbslər həyata keçirilib.
İnterpress.az xəbər verir ki, bu barədə “Cumhuriyet” qəzeti məlumat yayıb.
Türkiyənin paytaxtı Ankarada keçiriləcək növbəti NATO sammiti ərəfəsində təhlükəsizlik qüvvələri tərəfindən həyata keçirilən kütləvi əməliyyatlar çərçivəsində 30-dan çox ictimai fəal, o cümlədən TEMA (Türkiyə Eroziya ilə Mübarizə, Meşələşdirmə və Təbii Sərvətləri Qoruma) Fondunun könüllüləri və Ankara Universitetinin dosenti Emel Memiş saxlanılaraq məhkəməyə gətirilib.
Rəsmi məlumata görə, onlara qarşı “Doruk Mədənçilik” fəhlələrinin paytaxta etiraz yürüşündə iştirak etmə və “terror təşkilatına köməklik göstərmə” ittihamları irəli sürülüb.
İstintaq materiallarına əsasən, TEMA Fondunun Ankara üzrə nümayəndəsi Nevzat Özer də daxil olmaqla, könüllülər təbiət gəzintisindən qayıdarkən yolda hüquqlarını tələb etmək üçün Ankaraya piyada gedən mədən fəhlələri ilə qarşılaşıb və onlarla həmrəylik nümayiş etdiriblər.
Bu təmas hüquq-mühafizə orqanları tərəfindən “terrorla əlaqəli hərəkət” kimi qiymətləndirilib və şübhəlilərə “niyə fəhlələrin aksiyasına qatıldınız?”, “silahlı təlim keçmisinizmi?” kimi suallar ünvanlanıb.
Ankara Baş Prokurorluğunun tələbi ilə məhkəməyə sövq edilən 75 nəfərdən, aralarında TEMA təmsilçiləri, dosent Emel Memiş və bəzi müxalif jurnalistlərin də olduğu 16-dan çox şəxs barəsində rəsmən həbs qətimkan tədbiri seçilib, digər bir qrup yaşlı fəal isə ev dustaqlığına buraxılıb.
Faktla bağlı məhkəmə araşdırmaları davam etdirilir.
Xuraman Etibarlı
İnterpress.az






