Unikal və zərif cərrahiyyə əməliyyatı: Həkimlər xəstənin gözündən GƏNƏ ÇIXARDILAR – FOTObackend

Unikal və zərif cərrahiyyə əməliyyatı: Həkimlər xəstənin gözündən GƏNƏ ÇIXARDILAR – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Arxangelskdə həkimlər xəstənin gözündən canlı gənə çıxararaq onun görmə qabiliyyətini xilas ediblər.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Rusiyanın Arxangelsk Klinik Oftalmoloji Xəstəxanasının həkimləri olduqca nadir və mürəkkəb əməliyyat həyata keçiriblər. Sağ gözündə kəskin ağrı və yad cisim şikayətləri ilə təcili yardım şöbəsinə müraciət edən kişi pasiyentin gözündən canlı gənə çıxarılıb.

Müayinə zamanı məlum olub ki, gənə pasiyentin bağ evinə səfəri zamanı onun gözünə girib və konyuktiva qişasına (gözün daxili nazik təbəqəsi) yapışaraq qanını sormağa başlayıb.

Gözün konyuktiva təbəqəsi son dərəcə həssas və sinir ucları ilə zəngin toxuma olduğu üçün gənənin oradan çıxarılması həkimlərdən yüksək dəqiqlik tələb edib. Əməliyyat yerli anesteziya altında və mikroskop vasitəsilə, xüsusi cərrahi alətlərlə aparılıb.

Təxminən 10 dəqiqə davam edən zərif müdaxilə uğurla başa çatıb. Gözün buynuz qişasına heç bir zərər yetirilmədən gənə bütöv şəkildə çıxarılıb və xəstənin görmə qabiliyyəti tamamilə qorunub saxlanılıb.

Əməliyyatı həyata keçirən həkim-oftalmoloq Aleksey Pixtulov bu hadisənin Arxangelsk vilayəti üçün qeyri-adi olduğunu və özünün təcrübəsində ilk dəfə belə bir halla qarşılaşdığını bildirib.

Çünki konyuktivaya yapışan gənə təkcə mexaniki qıcıqlanmaya deyil, həm də ağır infeksiyaların birbaşa göz vasitəsilə bədənə keçməsinə səbəb ola bilər.

Cərrahiyyə prosedurundan sonra pasiyent infeksionist həkimin qəbuluna yönləndirilib. İnfeksionist gənənin laborator analizlərinin nəticələrinə uyğun olaraq, xəstəyə xüsusi immunoprofilaktika müalicəsinin tətbiq edilib-edilməməsinə qərar verəcək.

Xuraman Etibarlı

İnterpress.az