Şuşadan diaspora MESAJ: “Birliyimiz erməniləri qorxudur”backend

Şuşadan diaspora MESAJ: “Birliyimiz erməniləri qorxudur”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri çərçivəsində iyun ayının 15-də Şuşada tarixi əhəmiyyətli bəyannaməyə imza atdı. Türkiyə və Azərbaycan prezidentləri iki ölkə arasında gələcək perspektivdə nəzərdə tutulan çoxşaxəli və önəmli birgə əməkdaşlığı rəsmiləşdirdilər.

 

Şuşa bəyannaməsinin diqqət çəkən maddələrindən biri də diaspor təşkilatlarının birgə fəaliyyətini əks etdirən hissə idi. Bəyannamədə qeyd edilib ki, tərəflər müxtəlif ölkələrdə yaşayan Azərbaycan və türk diasporları arasında əməkdaşlığın daha sıx inkişaf etdirilməsi, onların məruz qaldıqları ümumi problemlər qarşısında birlikdə addımlar atılması və ardıcıl həmrəylik göstərilməsi məqsədilə səylərini birləşdirəcəklər.

 

Tərəflər ölkələrinin təqdim edilməsi və milli mənafelərinin qorunmasına dair tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında diasporal fəaliyyətin əlaqələndirilməsini və qarşılıqlı dəstəyi təşviq edəcəklər.

 

Bununla bağlı danışan azərbaycanlı diaspor nümayəndələri yaşadıqları ölkədə Türkiyə diasporu ilə əməkdaşlığı daha da gücləndirəcəklərini qeyd ediblər. Onlar hesab edirlər ki, Şuşa bəyannaməsi bu məsələdə təkanverici sənəd olacaq.

 

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) sədri Hikmət Cavadov xatırladıb ki, 2014-cü il dekabrın 24-də Ukraynanın Kiyev şəhərində Türk Şurasının Diaspor Mərkəzi yaradılıb:

 

 

“Bura Ukraynada fəaliyyət göstərən Azərbaycan, Türkiyə, Qırğızıstan, Qazaxıstan diasporları daxildir. Türk Şurasının Diaspor Mərkəzi o zaman Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun baş qərargahında yerləşdirildi. İndi bu Ukrayna Azərbaycanlıları Radası adlanır.

 

Türk ölkələrinin diaspor təşkilatları artıq 7 ildir birlikdə fəaliyyət göstərirlər, təşkilatlanıblar. İstər Qarabağ həqiqətləri, Xocalı qətliamı, istərsə də, qondarma erməni soyqırımının ifşası, Türkiyənin Qazaxıstanın, Qırğızıstanın istənilən dövlət məsələsinin təbliğatı ilə bağlı birlikdə hərəkət edirik”.

 

Diaspor rəhbəri hesab edir ki, Şuşa bəyannaməsi türk dünyasının, bütün türk xalqlarının qələbəsidir: “Biz ölkə başçılarının atdığı addımları dəstəkləyirik. Bəyannamə türk dünyası üçün vacib məsələdir. Azərbaycan diasporu olaraq ölkə başçısının bu siyasətinə həmişə dəstək vermişik və bundan sonra da addımlarımız davam edəcək”.

 

Qırğız Xalq Assambleyasının “Azəri” İctimai Birliyinin prezidenti  Əzizağa Əliyev isə vurğulayıb ki, Qırğızıstanda Türkiyə diasporu ilə əməkdaşlıq edirlər:

 

 

“44 günlük müharibə dönəmində türk dünyasının diasporları ilə yaxınlığımız daha da artdı. Biz Qarabağ uğrunda qardaşlıq birliyi nümayiş etdirdik. Diaspor üzvləri də buna səs verdilər. Biz bütün tədbirlərimizə onları çağırırıq. Türklər də Qırğızıstanda aktivdirlər. Amma Türkiyənin Qırğızıstandakı səfirliyi diaspordan daha yaxşı işləyir. Bizimlə bağlı isə situasiya fərqlidir. Diaspormuz səfirlikdən daha aktiv fəaliyyətdədir. Azərbaycan diasporunda ziyalı adamlar çoxdur, vaxtilə Türkiyə diasporu bizə birləşməyi təklif edirdi. Amma razılaşmadıq. Çünki əgər ayrılıqda fəaliyyət göstərsək, bu, iki qüvvə deməkdir. Birlikdə fəaliyyət isə bir qüvvəyə bərabər olacaq. Ona görə, əməkdaşlıq edərək ayrı-ayrılıqda işləmək daha effektivdir”.

 

Ə. Əliyevin sözlərinə görə, Şuşa bəyannaməsi Türkiyə və Azərbaycan arasındakı əməkdaşlığı gücləndirəcək:

 

“Biz ötən il Dünya Azərbaycanlılarının Həmrəylik gününü çox yüksək səviyyədə təşkil etdik. Qırğızıstan və Türkiyə nümayəndələri, digər rəsmilər iştirak etdilər. Bizim birliyimiz erməniləri də qorxudur. Onlar bizim aktiv fəaliyyətimizdən çəkinirlər. Bundan sonra daha çox birlik və əməkdaşlıq olacağı üçün ermənilər daha da geri qalacaqlar.

 

Fransa-Azərbaycan Assosiasiyasının rəhbəri Toğrul Zeynalov Şuşa bəyannaməsinin hər sahədə olduğu kimi diaspora sahəsində də əməkdaşlığa müsbət təsir edəcəyini fikirləşir:

 

 

“Azərbaycan və Türkiyə diasporu Fransada layihələrini birlikdə keçirir. İllərdir bu belə davam edir. Şuşa bəyannaməsi prosesə əlavə təkan verəcək. Azərbaycanlı diaspor nümayəndələri və türk icmasının üzvləri bu işə daha ciddi yanaşacaqlar ki, daha yaxşı nəticələr əldə edək. Avropadakı, Fransadakı erməni lobbisinə qarşı birlikdə fəaliyyət önəmlidir. Pandemiya ilə bağlı türk icması ilə keçirəcəyimiz layihələri ertələmişik. Amma yaxın aylarda əməkdaşlıq şəraitində fəaliyyət daha sürətlə davam edəcək”.

 

Paris-Azərbaycan Evinin rəhbəri, Fransada Azərbaycan Dostları Assosiasiyasının baş katibi Mirvari Fətəliyeva Şuşa bəyannaməsi ilə hər iki dövlət arasında münasibətlərin daha da güclənəcəyini bildirib:

 

 

“Şuşa zirvəsi mənim üçün çox böyük bir əhəmiyyət kəsb edir. Bu Azərbaycan və Türkiyə tarixində çox əhəmiyyətli bir gün kimi yaddaşlarda qalacaq. Əlbətdə ki, hər iki dövlət arasında olan gözəl münasibətlər daha da güclənəcək və müxtəlif sahələrdə olan mübadilələr inkişaf edəcək.  Fransada Türkiyədən olan 700 minə yaxın diaspor nümayəndələri ilə münasibətlərimiz var idi. Bundan sonra isə daha da inkişaf edəcəyini düşünürəm. Birgə layihələr, onlarla olan mübadilələr daha sıx inkişaf edəcək”.

 

İsveç Sosial-Demokratlar Partiyasının fəalı, Soderberq Jonkopinq region parlamentinin deputatı İradə Əliyeva bu bəyannamənin Türkiyə-Azərbaycan millətlərinin gələcəyi üçün əhəmiyyətli olacağını qeyd edib:

 

 

“Dünyadakı azərbaycanlılar və türk dünyası üçün çox mühim tarixi bir hadisədir. Səbirsizliklə gözlədiyimiz, arzuladığımız anlar idi. Şuşada bir millət iki dövlətin başçıları görüşdülər. Bu görüşdə mühüm sənədlərin imzalanması Türkiyə-Azərbaycan millətlərinin gələcəyi üçün çox əhəmiyyətlidir. Hamımız çox sevindik və həyəcanla izlədik. İsveçdə  türk qardaşlarımızla illərdir ki, əlaqələrimiz var. Xüsusən də, 44 günlük müharibə dövründə, eyni zamanda iyul ayında Tovuz hadisələri zamanı biz bütün nümayişlərdə, bəyanatlarda, hər yerdə birlikdə iştirak etmişik.

 

Tədbirlər etmək və birlikdə təşkilatlanmaq planımız var. Əvvələr ayrı-ayrılıqda tədbirləri edirdiksə, indi birlikdə işlər görmək üçün müzakirələr aparırıq. Bu günə qədər digər azərbaycanlılar və diaspor nümayəndələri də türk təşkilatları ilə birlikdə tədbirlər keçiriblər.

 

Bir millət iki dövlət olmaq bizim şüarımızdır. Erməni diasporları yalançı “erməni soyqırımı”nı hər yerdə tanıtmağa çalışırlar. Bundan sonra biz birlikdə müxtəlif platformalardan öz həqiqətlərimizi çatdıracayıq. İndi bizim məqsədimiz bundan sonra planlı şəkildə öz həqiqətlərimizi dünyaya, yaşadığımız ölkəyə, cəmiyyətə çatdırmaqdır”.

 

Avropa Azərbaycanlıları Konqresi idarə heyətinin üzvü, Benilüks Azərbaycanlıları Konqresinin sədri Elsevər Məmmədov isə Şuşa bəyannaməsinin imzalanmasının sevindirici bir hadisə olduğunu söyləyib:

 

 

“Təbii ki, Şuşa bəyannaməsi həm azərbaycanlılar, həm də türklər üçün böyük tarixi əhəmiyyət kəsb edən bir bəyannamədir. Bu çox sevindirici bir hadisədir. Bunu dünyanın hər bir yerində olduğu kimi Avropada yaşayan azərbaycanlılar da çox yüksək qiymətləndirirlər. Ümid edirik ki, bundan sonra Azərbaycan və Türkiyə daha sıx birləşərək, fəaliyyətlərini davam etdirəcəklər.

 

44 günlük mübarizədə Türkiyə prezidenti Ərdoğanın Azərbaycana və cənab prezidentə verdiyi dəstək bu gün də davam etməkdədir. Və bundan sonra da davam edəcək. Tarixə nəzər salsaq görərik ki, tarix boyu da Türkiyə Azərbaycanın ən çətin günün də yanında olub. 44 günlük müharibədə Ərdoğanın göstərdiyi dəstək bunun bariz nümunəsi oldu. Biz bununla ancaq fəxr edə bilərik.

 

İlham Əliyev bir dəfə çıxışında demişdi ki, bir millətin iki diasporu ola bilməz. Bu gün artıq Azərbaycanlılar burada türklərlə bir millət kimi formalaşıb və eyni istiqamətdə fəaliyyət göstərirlər. Avropada da biz bir millət kimi fəaliyyət göstəririk. Harda olmağımızdan asılı olmayaraq orada Türk qardaşlarımızın olub-olmamasından aslı olmayaraq biz hər zaman onların maraqlarını qoruyuruq. Onların olmadığı yerdə biz varıq. Bununla da qürur duyuruq”.