Rusiya, Türkiyə, Ukrayna və BMT arasında imzalanan və artıq müddəti başa çatan “Taxıl sazişi”nin bərpa olunacağına ümid var.
Bu barədə Rusiya KİV-i danışıqlarda iştirak edən Türkiyə rəsmisinə istinadən məlumat yayıb.
Bildirilib ki, sazişin bərpa olunmasına ümid var. Bunun üçün Qərb Rusiyanın kənd təsərrüfatı məhsullarının ixracına maneələrin aradan qaldırılması ilə bağlı zəmanət verməlidir.
Qeyd olunub ki, Ankaranın istədiyi də məhz budur: “Lakin indiki mərhələdə heç bir proqnoz vermək mümkün deyil”.
Mənbənin sözlərinə görə, vəziyyət tamamilə Qərbin Rusiya ixracına maneələri aradan qaldırmasından asılıdır.
Həmçinin, bildirilib ki, ərzaq məhsullarının ehtiyacı olan ölkələrə çatdırılması barədə yaxın vaxtlarda Türkiyə ilə Rusiya arasında ən yüksək səviyyədə görüş keçiriləcək.
Məlum olduğu kimi, BMT Təhlükəsizlik Şurasının Ukrayna ilə bağlı keçirilən iclasında əksər ölkələr Rusiyanı “Taxıl sazişi”i uzatmağa çağırıb. Sənədin müddəti iyulun 17-də başa çatıb və Moskva hələlik iştirakını yeniləmək niyyətində olmadığını açıqlayıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya tərəfinin təşəbbüsü ilə fəaliyyətini dayandıran “Taxıl sazişi” ilə bağlı Rusiya Prezidenti ilə danışmaq niyyətində olduğunu bəyan edib. Ankara sazişin ən qısa zamanda bərpasını gözləyir.
Rəsmi Moskvanın bu ay dördtərəfli (Ukrayna, Türkiyə, BMT və Rusiya) “Taxıl sazişi”ndən çıxması Odessa ətrafında hərbi vəziyyəti gərginləşdirməklə yanaşı, qlobal humanitar böhran təhlükəsi yaradıb.
Rusiyanın “Taxıl sazişi”ndən birtərəfli qaydada çıxması əslində bu dövlətin dünyaya meydan oxumaq cəhdi idi. Rəsmi Moskva bununla öz şərtlərini diktə etməyə çalışır. Çünki dünya ölkələrinə taxılın daşınmaması qlobal aclıq təhlükəsi deməkdir. Bir müddət daha belə davam edərsə, sazişin bərpası ilə Rusiyanın razılığına ehtiyac yarana bilər. Beləliklə, dünya dövlətləri Kremlin mövqeyini nəzərə almağa başlayacaqlar. Rusiyanın istədiyi də məhz budur.
Çox güman, Rusiya bundan sonra inadkarlığını davam etdirməyə, öz şərtlərini ortaya qoymağa çalışacaq. Nəyəsə nail olmadan Moskvanın sazişin bərpasına nail olacağı ağlabatan deyil. Amma vəziyyət uzun müddət belə davam edə bilməz. “Taxıl sazişi”nin ən qısa müddətdə davam bərpa edilməməsi Rusiyanın işini daha da çətinləşdirəcək. Rəsmi Moskva dünyadan daha da təcrid olunacaq.
Bir müddət əvvəl Rusiya Prezidenti Vladimir Putin demişdi ki, ölkəsi Afrikaya pulsuz taxıl verə bilər. Çox güman, bu, ehtimal edilən təzyiqlərin qarşısının alınması məqsədilə, preventiv xarakterli deyilən sözdür. V. Putin bu bəyanatı ilə özünü humanist göstərməyə çalışır.
Ərdoğanla Putinin ehtimal edilən görüşündə bu məsələ də müzakirə olunacaq. Çox güman, iddia edildiyi kimi də olacaq: Rusiya Qərbin kənd təsərrüfatı məhsullarının ixracına maneələrin aradan qaldırılması ilə bağlı zəmanət almağa nail olacaq. Gizli və ya aşkar formada Ankara da bu məsələyə dəstək verə bilər. Bundan sonra isə “Taxıl sazişi” yenidən bərpa olunacaq. Beləliklə, həm Türkiyə, həm də Rusiya qazanclı çıxacaq.
Kənan Novruzov
İnterpress.az