“Son 1 ildə haqqımda 2 cinayət işi açılıb. Hazırda Sabunçu və Səbail məhkəmələrində proseslər davam edir. Guya hazırladığımız proqramlarda şərəf və ləyaqət tapdalamışıq… Toplam 17 məhkəmə prosesi keçirilib. Əməlimizdə heç bir sübut, heç bir dəlil tapa bilməsələr də məhkəmə-hüquq sistemində müdafiəçilər tapıblar…”
Bunu tanınmış jurnalist, “Prime TV” İnternet kanalının rəhbəri Aygün Muradxanlı Prezident İlham Əliyevə ünvanladığı açıq məktubunda yazıb. O, məktubunda son vaxtlar cəlb olunduğu əsassız məhkəmə prosesləri zamanı üzləşdiyi qanunsuzluqlardan bəhs edib.
“İnterpress.az” jurnalistin müraciətini təqdim edir:
Hörmətli cənab Prezident!
Mən türk milliyətçisiyəm. Azərbaycan Respublikası vətəndaşıyam. Jurnalistəm. Ən böyük qürurum dövlətimi Türk Dövlətlər Birliyinin qurucu üzvü kimi görməyimdir. Turan üçün böyük mücadilələr verib bəhrəsini görə bilməyən yüzminlərlə ülküdaşımızdan fərqli biz ideyamızın həm Vətənimiz Azərbaycan Respublikasında, həm də qardaş türk dövlətlərində siyasətin ana xəttinə çevrilməsinin şahidi olduq. Sözə gəlməyən bir hissdir.
Sirr deyil ki, qlobal siyasətin bir parçasına çevrilən Turan ideyasının əsas memarları Azərbaycanla Türkiyədir və hər iki dövlətə geopolitik hücumlar bu birliyin yaranmasını varlığına, nüfuzuna təhdid sayan güclərdən gəlir. Dövlətə və orduya rəhbərliyinizlə qazanılan Qarabağ zəfəri faktiki olaraq bölgəyə qlobal təsirlərin yönünü dəyişib, Azərbaycan Rusiyanın ona biçdiyi 3 Güney Qafqaz respublikasından biri modundan çıxıb, uzun illər xəyal etdiyimiz kimi regionda söz sahibi ölkəyə çevrilib. Biz artıq diqtələr altında yaşayan deyil, öz gerçəklərimizi bəyan edən, qoruya bilən dövlət mövqeyinə yüksəlmişik.
Azərbaycan üçün bu şanlı tarix sizin imzanızla yazılır, cənab Prezident və bu sürəc başlayanda aydın idi ki, düzənini pozduğunuz qüvvələr Azərbaycan üçün, siyasi komandanız üçün, tərəfdarlarınız, ideyalarınızın təbliğatçıları üçün var güclərilə problemlər yaratmağa çalışacaqlar.
Biz də istisna deyilik. Bir neçə ildir Kreml çetesi ilə çəkişmədəyik. Görünən odur ki, hakimiyyət qollarından hələ tam təmizlənməyən, Azərbaycanı qulluq etdikləri Kremlin yarımmüstəmləkəsi kimi görmək istəyənlər yürütdüyünüz siyasətin dövlət və millət birlliyi yaradacağından dəhşətli dərəcədə narahatdırlar, ona görə də var qüvvələri ilə bu birliyin təbliğatçılarını ağır şəkildə cəzalandırmağa çalışırlar.
Son 1 ildə haqqımda 2 cinayət işi açılıb. Hazırda Sabunçu və Səbail məhkəmələrində proseslər davam edir. Guya hazırladığımız proqramlarda şərəf və ləyaqət tapdalamışıq… Toplam 17 məhkəmə prosesi keçirilib. Əməlimizdə heç bir sübut, heç bir dəlil tapa bilməsələr də məhkəmə-hüquq sistemində müdafiəçilər tapıblar və həmin müdafiəçilər heç bir vəsatətimizin qəbuluna imkan verməyərək, proseslərin birtərəfli qaydada Azərbaycanda söz azadlığının, hüquq bərabərliyinin əleyhinə başa çatması üçün nə mümkündürsə edirlər.
İş o yerdədir ki, cənab Prezident, həbsimi tələb edənlərdən biri – Aslan İsmayılov 11 məhkəmə prosesinin birinə də gəlməyib, lakin Sabunçu Rayon Məhkəməsinin hakimi Nigar İmanova hansısa gözəgörünməz əlin dirijorluğu ilə Azərbaycanda hüququn ömrünü Kremlə nökərçilikdə keçirənlərin iradəsinə tabe etdirilməsi üçün əlindən gələni edir.
Axı, bu necə ola bilər? Özünü vəkil, qanun qoruyucusu kimi topluma təqdim etməyə çalışan şəxs bir jurnalisti durduğu yerdə, əlində heç bir dəlil sübut olmadan aylarla həfədə alır, efirlərdə, sosial şəbəkə hesablarında haqqında qarayaxma kampaniyası başladır və həmin jurnalist söz haqqında yararlanıb onun haqqında dəfələrlə çap edilən və heç bir zaman məhkəmə pridmeti olmayan informasiyaları bir araya toplayanda haqqında cinayət işi açılır?
Amma həmin zat məhkəməni saymayaraq proseslərin birinə də gəlmir, iddialarını əsaslandırmır, məhkəmə araşdırmasına imkan yaratmır, proses isə ildırım sürətilə onun lehinə gedir. Əcəba niyə, necə?
Vaxtın sizin üçün necə qiymətli olduğunu çox yaxşı anlasam da, cənab Prezident, bu haqda daha detallı danışmağa məcburam.
Aslan İsmayılov məşhur birisidir. 1988-ci il KQB-nin Azərbaycana qarşı ən qəddar, ən riyakar planlarından biri olan Sumqayıt hadisələrinin istintaqına Kremlin prokuror təyin etdiyi, məhkəmədə Kreml tərəfindən ələ alındığı onlarla şahidin ifadəsilə sübut olunan Qriqoryanın törətdiyi cinayətə görə 11 azərbaycanlıya ölüm hökmü tələb edən şəxs necə ünlü olmasın?
Bu o şəxsdir ki, 1993-cü ildə Kremlin Azərbaycan dövlətinə qarşı qaldırdığı qiyamdan sonra bağlı olduğu Kreml mənsubları tərəfindən Milli Məclis tribunasına çıxarılaraq ölkədə yeni qanlı planların icrası üçün görəvləndirilmişdi, lakin, mərhum atanız, rəsmən Milli Məclisə, ümumilikdə isə ölkəyə rəhbərlik edən Heydər Əliyev onun sözünü yarımçıq kəsib, bütün millətin gözü önündə tribunadan, daha sonra isə Prezident Administrasiyasındakı tutduğu vəzifədən qovmuşdu. Bu şəxsi bir də 4 oktyabr çevriliş cəhdində ortaya atdılar – yenə Kreml əlaltısı kimi. Prezident Heydər Əliyevə qarşı qiyama hazırlaşan baş nazir Surət Hüseynovun tərəfdarı qismində. Birgə mətbuat konfransı keçirəcəkdilər, məkan və vaxt da təyin edilmişdi, xüsusi xidmət orqanları zamanında qarşısını aldı… Bu haqda dövrün mediasında nə qədər yazılar var.
Bu, o şəxsdir ki, bir neçə il öncə Kremlə qulluğu kimsədə şübhə doğurmayan Ramiz Mehdiyevə – müxalifətə keç, sənə dəstək verəcəm – yazır, özü də yazdıqlarını ictimailəşdirirdi. Biz də həmin filmdə haqlı olaraq sual vermişik – müxalifət kimə qarşı olur? Bizim oxuduğumuz kitablarda ‘’iqtidara qarşı’’ yazılıb. Demək, açıq-aydın bu şəxs Ramiz Mehdiyevi sizə qarşı müxalifətə keçməyə çağırıb. Bəlkə də oğlunu da yanına alıb oxuduğu ABŞ və Macarıstan Soros məktəblərində ona başqa cür öyrədiblər, amma bu çağırışın başqa yorulmu olduğunu qəbul etmək çətindir.
Bu şəxs həm atanız mərhum prezident Heydər Əliyevin, həm də sizin hakimiyyətiniz dönəmində Azərbaycana qarşı bir çox pozuculuq əməllərində aparıcı rol alıb. Buna baxmayaraq, çox yüksək səviyyədə dəstəklənir. Bu dəstək vasitəsilə məhz Azərbaycanın milli, dövlətçi qüvvələrinə qarşı kampaniyalar, qarayaxmalar başladır, özəlliklə Ermənistanla informasiya savaşının aparıcı şəxslərini qaralayır. Söylədiyim kimi, bizə Kremlin adamı deyir. Məqsəd aydındır – vətəndaşlarda bizə qarşı etimadsızlıq yaratmaq.
Təbii ki, bu hədyan və qarayaxmalar qarşısında susacaq deyildik. Ona görə sonuncu adı Aslan İsmayılov olan şəxsi hüceyrələrinə qədər araşdırıb 2 film hazırladıq, onu tam deşifrə etdik.
Hər iki film suallar üzərində qurulub. Necə olub ki, bu şəxsin ata adı daxil adı, soyadı bir neçə dəfə dəyişdirilib?
Hansı qara əl onu Krasnodar vilayətinin ucqar Zelençuk kəndində 3 kolxozun birləşməsindən yaranan sovetliyin məhkəməsində işlədiyi halda SSRİ miqyaslı işdə dövlət ittihamçısı təyin edilməsi üçün Azərbaycana göndərib?
Sumqayıt işini aparan hakim Mənsur İbayev deyir ki, prokuror, yəni Aslan İsmayılov 11 azərbaycanlını bu dəhşətli Kreml fitnəsində suçlu bilərək onlara ölüm hökmü istəyib. Biz də sual etmişik – Aslan İsmayılov bu gün də Rusiya prezidenti Vladimir Putinin Qarabağ savaşının başlanğıc nöqtəsi kimi göstərdiyi Sumqayıt hadisələrinin istintaqında necə peyda olub, niyə Kremlin planları üzrə addımlar atıb?
ƏN ÖNƏMLİSİ…
Necə olub ki, həmin məhkəmə prosesinin cild-cild materialları Azərbaycan Baş Prokurorluğunun arxivində heç bir əskiksiz qala-qala, prokuror Aslan İsmayılov imzası ilə yazılan ittiham aktı yoxa çıxıb? Bunu biz demirik… Həmin işə məhkəmədə hakimlik edən Mənsur İbayev, məsələni araşdıran hüquqşünaslar, jurnalistlər deyirlər…
İttiham aktı bir nüsxə deyil ki, it-bata düşə. O, ən az 3 nüsxədə tərtib olunur. Demək, onu iş materiallarından qəsdən götürüblər. Prokuror Aslan İsmayılovu qorumaq üçün. Gərəkli zamanda onu yenidən dövriyyəyə buraxıb Azərbaycan dövlətinə qarşı təxribatlarda istifadə etmək üçün.
Yeri gəlmişkən, onu Azərbaycanda himayə edən şəxs Xarici İşlər Nazirliyinə də çıxarıb və xarici siyasət idarəmizin çətiri altında bu şəxs Sumqayıt hadisələrini “işıqlandıran” kitablar çap edib. Bu kitabların ən “incə” detalı odur ki, onların heç birində prokurorun – Aslan İsmayılovun ittiham aktı yoxdur. Bu necə olur? Bir şəxs içərisində olduğu SSRİ miqyaslı işdən kitab yazır, amma öz fəaliyyəti haqqında o kitaba 1 cümlə belə əlavə etmir. Bu, o qorxunc fəaliyyəti – KQB-erməni fitnəsinə görə 11 azərbaycanlıya ölüm hökmü oxumaq işini gizləmək üçün olmasın?
Gah deyir, ittiham aktı itib, gah deyir, Baş Prokurorluqdadır. Hörmətli Baş Prokuror Kamran Əliyev bu məsələyə aydınlıq gətirə bilər. Acizanə ricamızdır, əgər bu məsələnin Azərbaycan gündəmindən götürülməsi iradəsi varsa, lütfən, göstəriş verin, həmin ittiham aktı ictimailəşsin. Cəmiyyət bilsin ki, topluma saxta bilgi verən illərdir fikrini israrla müdafiə edən hakim Mənsur İbayev, yoxsa, Aslan İsmayılovdur.
Ancaq… hələlik… ortada hakim Mənsur İbayevi təkzib edən heç bir fakt yoxdur. Tariximizə Sumqayıt hadisələri kimi keçən KQB fitnəsilə ermənilərin törətdiyi cinayətdə 11 azərbaycanlıya ən ağır cəza istəyən, 4 oktyabrda Surət Hüseynova dəstək verən, sonradan qılıf dəyişib Sorosdan qoşa-qoşa diplomlar alan, özünü az qala Ağ Ev Qafqaz canişini kimi göstərən hakimiyyətə qarşı davamlı pozuculuqla məşğul olan sonuncu adı Aslan İsmayılov olan bu şəxs isə bu gün Azərbaycan məhkəmələrində at oynadır.
Sonuncu ad məsələsinə də aydınlıq gətirək, izninizlə… Doğulanda adı dediyinə görə Allahverdi olub. Sonra əmisi Astanın adından özünə ad düzəldib – Aslan. Soyadı ilkin sənədlərdə Çıraqovdur. Krasnodarda İsmayılova dəyişib. Bunların özü də inkar etmir – ad-soyad dəyişikliyi ilə bağlı dəfələrlə danışıb. Doğulduğu tarix, əsgərlik, təhsil, Krasnodrda işləmə tarixləri də tutuşmur. Heç biri. Hamısı uydurmadır, bu şəxsin əsl kimliyini gizlətmək üçün uydurulub. Mərhum atanız elə onu bu saxtakarlığına görə Milli Məclis tribunasından qovmuşdu, çünki utanmadan bu yalan bilgiləri orda da səsləndirirdi.
Ümumiyyətlə, bu şəxsin parlament tribunasına çıxmasının özü müəmmalıdır. O dövrdə PA-nın Hüquq şöbəsində sıradan bir vəzifədə çalışan şəxsin ölkə rəhbərinin şəxsən sədrlik etdiyi sessiyada tribunaya çıxarılması haranın planı, konkret kimin əmri planı idi? Məqsəd nə idi? Surət Hüseynovun qaldırdığı qiyamdan sonra konkret adlar çəkməsini ondan kim istəmişdi? O, tribunaya kimin haqqında şübhə toxumları səpməyə çıxmışdı və mərhum Heydər Əliyev niyə onun sözünü ağzında kəsib məclisdən uzaqlaşdırdı?
Özünü cəmiyyətə hüquqşünas, vəkil kimi təqdim edən bu şəxs çoxsaylı şikayətlərə görə Vəkillər Kollegiyasından da uzaqlaşdırılmışdı. Onun vəkillik fəaliyyətilə maraqlansanız Sizə yalnız bunları deyəcəklər – bütün vəkillik ömrünü müvəkillərinin etibarını qazanıb onlardan aldığı bilgiləri qarşı tərəfə satması ilə ad çıxarıb. Hətta indi onun haqqında belə bir dələduzluq faktı ilə bağlı Baş Prokurorluğa və DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə bir neçə vətəndaş, o sıradan xarici investor şikayət də göndərib. Bütün faktlarda ssenari eynidir – özünü Soros yetirməsi, beynəlxalq hüquq uzmanı, ABŞ-dan Moskvaya, Türkiyədən Çinə kimi hüquq aləminin ası kimi təqdim edir, etibar qazanır, bütün bilgiləri detallı şəkildə alır, sonra… qarşı tərəfə satır.
Nə insanlığa, nə vəkil etikasına yaraşmayan bu əməllərin sahibinin Vəkillər Kollegiyasına bərpası da Avropa İnsan Haqları Məhkəməsinin qərarı ilə baş tutub. Azərbaycanda isə belə bir şəxsin başını sığallayırlar…
Məsələn, Vəkillər Kollegiyasının sədri Anar Bağırov onun Səbail Rayonu ərazisində, Prezident Administrasiyasına və Heydər Əliyev Fonduna 2 addımlıq məsafədə, yəni ölkənin ən gözdə yerində, ən bahalı torpaqlarında zəbt etdiyi ərazidə saldığı parkda şəkillər çəkdirib sosial şəbəkədə uzun-uzun övgü mətnləri yazır. Ölkənin hüquq sisteminin vacib qollarından olan Vəkillər Kollegiyasının sədri zəbt edilmiş torpaqda salınan bağın sahibinə niyə mədhiyyə oxusun? Bu qanunsuzluğun təbliği deyilmi? Axı, A.İsmayılov vur-tut sıradan vəkildir. Üstəlik ölkənin ən pis reputasiyalı, haqqında ən çox şikayət olan, cinayət işi açılan, hökm çıxarılan vəkili. Filmdə soruşduğumuz kimi – o, kimin imamıdır ki, Vəkillər Kollegiyasının sədri, Ədliyyə nazirinin müavini general Toğrul Musayevi də yanına alıb ona mədhiyyə deyir?
“Park”a gəlincə, ərazi üzrə Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalova sorğu göndərdik. Rəsmi olaraq bildirdi ki, ərazi dövlət torpağıdır, heç kimə aid deyil. O zaman Bakıda, belə bir strateji önəmli məkanda hər könlündən keçən nə istəsə əkib-becərə bilərmi?
Parkla bağlı daha bir ilginc fakt. Aslan İsmayılov həmin parkda ağac əkmək adı ilə iş adamlarından pul toplayırmış. Özəlliklə xaricdə olanlardan. Qarşılıq olaraq söz verirmiş ki, yuxarılarda onlar haqqında müsbət imaj yaradacaq, iş dünyasına inteqrasiyalarını asanlaşdıracaq. Görünür, ara-sıra “parkında” məmurlarla poz verib sosial şəbəkələrdə yerləşdirməsi bu məqsədlədir. Hüquq-mühafizə orqanları maraqlansa, bu dələduzluqdan ötə hərəkətlər üçün onlara faktları təqdim etməyə hazıram.
Yeri gəlmişkən, bu onun Bakının bahalı torpaqlarında zəbt etdiyi yeganə ərazi deyil. Bibiheybət ərazisində Həmkarlar İttifaqı Konfederasiyasına aid sanatoriyanın həyətində özünə üçmərtəbəli mülk tikib və orada yaşayır. Və zəbt etdiyi torpaqda mənbəyi bəlli olmayan pullarla ucaltdığı milyonluq villada oturub hakimiyyəti Azərbaycanı rüşvət və korrupsiya bataqlığında batırmaqda suçlayır. İndi biz bütün fəaliyyətini Azərbaycan dövlətinin əleyhinə yönəldən, adı saysız qaranlıq işlərdə hallanan, ölkədə sağlam reputasiyası, sözünün çəkisi olan, özünü Azərbaycan Respublikasının əsgəri hiss edib informasiya savaşında ölkəmizin mənafelərini canla-başla müdafiə edən şəxslər ən kritik dönəmlərində dövlətə, millətə qarşı planlarda aparıcı rol alan bu şəxsin hansı səbəbdən, kimlərin dəstəyilə bunca imtiyaz sahibi olmasını sorğulamayaqmı?
Rəsmən islahat düşmənidir. Ermənilərin davası türklərlə olduğu kimi bunun da davası islahatlarla, islahatlara inanan, onlara informasiya dəstəyi verənlərlədir. FB səhifəsində başlatdığınız islahataları gözdən salmaq üçün dəridən-qabıqdan çıxdığı onlarla videomüraciət paylaşıb, canlılar açıb, olmaz, mümkün deyil, olmayacaq deyib həşir qoparıb. Biz də soruşuruq – Azərbaycanda başlatdığınız islahatları gözdən salmaq üçün gecəsini gündüzünə qatan şəxsi məhkəmə-hüquq sistemində kimlər belə qoruyub-qollayır?
Necə olur ki, Prezidenti olduğunuz Azərbaycanı dünyanın ən hüquqsuz, ən qaranlıq, ən ümidsiz ölkəsi kimi təqdim edən şəxs bu qədər anti-dövlət, anti-hakimiyyət fəaliyyətindən sonra Şuşada dövlət tədbirində poz verir?
Çatdığı hər yerdə köməkçiniz hörmətli Anar Ələkbərovla dostluğundan danışır. Biz əminik ki, yüksək dövlət vəzifəsi tutan Anar Ələkbərov bu şəxsin keçmişi haqqında yalnız onun özündən eşidib. Əgər alternativ bilgi sahibi olsaydı, adından sui-istifadə hallarının qarşısını qətiyyətlə alardı.
Bir məqamı da özəlliklə vurğulayaq ki, bu şəxslə bağlı filmlərimizdə sadalanan faktlar Azərbaycan mediasında dəfələrlə səslənib, bu mövzuda hətta kitab da yazılıb, amma A.İsmayılov həmin şəxslərin heç birini məhkəməyə verib həbs tələb etməyib. Görünür, bizi zəif bənd sayıb. Hesablamayıb ki, Azərbaycan Kreml əsarəti dönəmindən sürətlə uzaqlaşıb. İndi uzun illər xidmət etdiyi gücün 200 illik planlarını rəsmi Bakı pozur.
Söyləmək istədiyimiz daha bir vacib məqam var. “Aslan İsmayılov kimin imamıdır” filmi hazırlandıqdan sonra 4 saat DTX-nın istintaq idarəsində dindirilmişəm. Daha sonra Prime TV ofisindən çıxarılıb, yeni ofisə köçdükdən sonra bütün hüquq prosedurlarını dəqiqliklə yerinə yetirsək də bizi yenidən studiyasız qoymağa çalışıblar. DİN, FHN daxil neçə qurum studiyada anonim şikayət üzrə yoxlamalar aparıb, Bakıelektrikşəbəkə işığımızı kəsib. Hətta yerləşdiyimiz binanın sakinlərindən bizim səs-küy saldığımız üçün binadan çıxarılmağımız haqqında imzalar toplanıb. Rəsmi qurumlara dəfələrlə müraciətlərimizdən sonra məsələ səngiyib, əvəzində günün birində haqqımızda xüsusi ittiham qaydasında cinayət işi açdırıb həbsimizi tələb edib.
Ən iliginci bilirsinizmi nədir, cənab Prezident? Filmlərdə səslənən heç bir fikrə münasibət, suala cavab verməyib, sadəcə, “dələduz” kəlməsinə görə haqqımda Cinayət Məcəlləsinin düz 3 maddəsi ilə cinayət işi açdırıb. Bu qədər ittiham kənarda qalıb, “dələduz” sözündən yapışıb.
Ədliyyə Nazirliyinin Ekspertiza İdarəsi filmdəki dələduz kəlməsinin təhqir olduğu haqda rəy verib. Amma unudub ki, jurnalistin işi faktları toplamaq, qiymətləndirmək, şərh verməkdir. Ad-soyadını, bəzi iddialara görə hətta ata adını dəyişib ölkədə min bir pozuculuq fəaliyyətilə məşğul olmağın, ölkə başçısına Milli Məclisdə saxta bilgilər verməyi adı nədir, o zaman hörmətli Ədliyyə Nazirliyi mənsubları, özəlliklə Aslan İsmayılovla çox möhkəm dostluğu olan nazir müavini, general, hörmətli Toğrul Musayev söyləsin. Dələduz kimə deyilir?
Üstəlik, Ali Məhkəmə plenumunun qərarı var – dələduz kəlməsi təhqir sayılmır və azadlıqdan məhrumetmə üçün dəlil sayıla bilməz. O zaman niyə hakim Nigar İmanova Ali Məhkəmə plenumunun qərarlarını icra etmir? Haqqımızda xüsusi ittiham qaydasında şikayət verən şəxsin məhkəməyə gətirilməsini təmin etməyən, dəfələrlə bu haqda vəsatətlərimizi rədd edən hakim Sizcə, ədalətli qərar verə bilərmi?
Bir qədər də ikinci məhkəmə haqqında.
Ondan başlayaq ki, ikinci məhkəmə də tam eyni senari üzrə davam edir. Qəti şübhə etmirik ki, burada da bizi cəzalandırmaq istəyən sonuncu adı Aslan İsmayılov olan şəxs və onun bağlı olduğu çetedir. Apardığımız araşdırma, ortaya çıxardığımız faktlar kənarda qalıb, bizi faktiki olaraq şər və böhtanla həbs etmək istəyirlər.
İşə Səbail Rayon Məhkəməsinin hakimi Azər Tağıyev baxır. Nərimanov rayonunda yaşamış, bu gün isə bir cinayətkar şəbəkəsinin əməli sayəsində evsiz-eşiksiz qalmış 200-ə yaxın ailənin şikayəti əsasında hazırladığımız proqram bizə qarşı çevrilib.
İddiaçı Vahidə Əzizova EAST Residansın Qarabağ küçəsində yeni bina tikmək məqsədilə 2021-ci ilin oktyabrında sökdüyü binanın zirzəmisinə 2021-ci ilin noyabrında özəlləşdirmə sənədi alıb və bu gün onun şirkətdən külli miqdarda – 1 milyon 250 min tələb etməsi nəticəsində, 200-ə yaxın ailə sərgərdan, tikinti şirkəti isə çarəsiz qalıb. Onlarla sakin, şirkətin vəkili bildirir ki, bu qadını ümumiyyətlə tanımırlar, sözügedən zirzəmi istifadəyə yararsız, pandemiya dönəmində bomjların yaşadığı məkan olub. Kanalizasiya sularının axdığı antisanitariya yuvasına qarşılıq şirkət hər şeyə göz yumaraq Vahidə Əzizovaya yeni tikili binanın yarızirzəmisində 100 kv yer təklif edir, üstəlik təmiri də boynuna götürür. Qadın deyir yox, mənə Nizami küçəsindən ev alın, ya da 1 milyon 250 min nağd pul verin, yoxsa, məhkəmə iddialarımı geri götürməyəcəyəm.
O məhkəmə iddialarını ki, onlara görə tikinti şirkəti tikinti icazəsi ala, tikintiyə başlaya bilmir. Hər ay vətəndaşlara kirayə ödəyərək nə qədər ziyan çəkir. Sabah bu şirkət tamamilə müflis olduğunu açıqlasa, faktiki olaraq açıq səma altında qalacaq 200 ailəni hansı mexanizm qoruyacaq, bunun məsuliyyəti kimin üzərinə düşəcək – bizim reportajda əsas sualımız burdur, cənab Prezident!
Ondan da vacibi – oktyabrda sökülən binaya noyabr ayında Əmlak Məsələləsi Dövlət Komitəsində özəlləşdirmə sənədini kim verib? O sənədə bu məsələdən sonadək xəbərdar olan Nərimanov və Bakı İcra Hakimiyyətləri niyə etiraz etməyiblər? Nərimanov Rayon Məhkəməsi Nazirlər Kabinetinin qərarına uyğun olaraq söküntü aparan, özəlləşdirmə sənədləri olan sakinlərə yeni tikiləcək binada yer verəcəyi haqqında hüquq qaydasında öhdəlik götürən EAST Residans şirkətinin və 200 ailənin tələblərini gözardı edərək harada yaşadığı bəlli olmayan, heç yerdə işləməyən və sağlıq durumu ilə bağlı fərqli fikirlər söylənən 65 yaşlı qadının iddiasını niyə, hansı marağa görə təmin edir?
Hüquq, qanun o qadının özünün və onu fiqur kimi irəli atıb tikinti şirkətinə, 200 ailəyə tələ quran Əmlak Məsələləri Dövlət Komitəsinin saxta sənəd verən əməkdaşını, Nərimanov bələdiyyəsində, İcra Hakimiyyətində, Bakı Şəhər İcra Hakimiyyətində bu qanunsuz plana dəstək verənləri cəzalandırmağı tələb etmirmi? Biz jurnalistlər sizin bu qədər çətinliklə inkişaf etditməyə çalışdığınız Azərbaycan dövlətini bu cür qaranlıq şəxslərin qara əməllərilə geri aparmaq istəməsinə göz yumaqmı?
Ortaya çıxardığımız bu qədər qanunsuzluq – vəzifəli şəxslərin səlahiyyətlərindən sui-istifadə edərək yaşlı qadın üzərindən tikinti şirkətinə tələ qurması qalıb bir kənarda, mənə CM-nin yenə də 3 maddəsilə Vahidə Əzizovaya guya “bomj” dediyim üçün CİNAYƏT işi açıblar. Tələb də birdir – həbsim istənir. Gerçəkdən, güləkmi, ağlayaqmı, bilmirik…
Kadrlarda çox aydın şəkildə görünür ki, bomj kəlməsini Vahidə Əzizova haqqında həmin binada 27 il yaşayan İradə Məmmədova deyir. Onun ifadəsini olduğu kimi yazıram – Vahidə Əzizova iki övladı ilə mənim qapıma bomj kimi gəlmişdi, ona sığınacaq verməyimi istəyirdi. Yəni kəlmə işlənibsə də mənə məxsus deyil. Üstəlik, bomj kəlməsini işlətmək nə zamandan cinayət sayılır? Axı, kəlmənin mənası yaşayış yeri bəlli olmayan şəxs deməkdir.
Biz məhkəmədə dəfələrlə şahidlərin çağırılmasını istədik – hakim təmin etmədi. Hətta şahidləri məhkəmə zalından çıxardı. Vahidə Əzizovaya qarşı tərəf kimi efir verilməsini təklif etdik – qəbul etmədi. İki ayağını bir başmağa dirəyib – Aygün Muradxanlı həbs edilməlidir. Mənim həbsim o qadının iddiasını – 1935-ci ildə tikilən binanın xarabalıq zirzəmisinə görə 1 milyon 250 min manat verilməsini təminmi edəcək?
Sözügedən proqram yayımda deyil. Bununla belə, Azər Tağıyev verilişin tamamilə təhrif edilmiş mətnini yenə Ədliyyə Nazirliyinin ekspertiza idarəsinə göndərmək haqqında qərar çıxardı. Biz israrla yayımda olmayan proqramın bizim demədiyimiz sözlər əsasında tərtib olunmuş mətninin ekspertizaya göndərilməsinə etiraz etsək də hakim dedikərimizə məhəl qoymadı. Əcəba niyə? Media ilə bağlı mübahisələrdə məsələ məhkəməyə çıxarılsa belə, sonda media qurumundan məqalənin, reportajın yayımdan çıxarılması, qarşı tərəfə söz haqqı verilməsi, ən kəskin halda cərimə ödəməsi istənmirmi?
Aygün Muradxanlının cəzalandırılması, həbsi kimin əmridir, cənab Prezident? Şirkəti müflis edib 1 milyon 250 min manata şirniklənənlər, şəhərin mərkəzinə böyük bir kvartalda yüzlərlə Azərbaycan vətəndaşını evsiz-eşiksiz qoyub dövlətin etibarını yerlə bir edə bilməzlər. Siz buna imkan verməzsiniz.
Sakinlər deyirlər ki, Qarabağı işğaldan azad edən Ali Baş Komandan kaş bizim Qarabağ küçəsində zəbt edilən ərazilərimizi də azad etsin. Sizə saysız müraciət yazılıb bununla bağlı. Hələlik “işğal” davam edir.
Əslində hakim Azər Tağıyev bizim ortaya çıxardığımız, çoxsaylı şahid ifadələrilə təsdiqlənən faktlar üzrə cinayət təqibi başlatmalıdır. Amma… faktları aşkar edən jurnalisti cəzalandırmaq yolunu seçib. Belə olmasaydı, olmayan proqram üzrə cinayət işi açıb, təhrif olunmuş mətni ekspertizaya göndərərək məhkəmədə əsl məzhəkə yaratmazdı.
Hörmətli cənab Prezident!
Azərbaycan dövlətinin sözün əsl mənasında fövqəladə çətin bir dönəmdən keçdiyinin fərqindəyik. Siz çağın deyil, dövlətimizin gələcək yüzillərinin taleyini müəyyən edəcək tarixi qərarlar verməlisiniz. Parçalanmış torpaqlarımızı birləşdirib edib vahid, böyük Azərbaycan qurmalısınız. Uca Tanrı Sizə güc, qüvvət, zehin açıqlığı versin, yar və yardımçı olsun.
Biz bu dar boğazdan dövlət və millət olaraq arınaraq, güclənərək çıxmalıyıq. Hər bir fərd olduğu postda, kürsüdə, mövqedə vətəndaşlıq görəvini əskiksiz yerinə yetirməlidir. Azərbaycan Resublikasının müqəddəs bayrağının kölgəsində oturub bu ölkəni müstəmləkə kimi görmək istəyənlərin arzularını gözlərində qoymalıyıq.
Demək istəyirəm, sizinləyik…
Qəzamız mübarək olsun!
Dərin hörmətlə:
Aygün Muradxanlı
08.09.2023