Son vaxtlar Azərbaycana qarşı xarici təxribatların bir istiqaməti də dini xarakter daşıyır. Adını islam ölkəsi qoyan bu ideoloji cərəyanın əsas məqsədi məzhəb ayrıseçkiliyini yaratmaq, Qumdan ixrac olunan yanlış dini görüşləri yaymaq və buna qarşı olanları düşmən, xain kimi təqdim etməkdir. Azərbaycanda dinə inam, dinə etiqad hətta SSRİ dövründə belə İrandan çox-çox yüksək səviyyədə olub, indi də belədir. Azərbaycanlılar həmişə etiqadlı olublar. Özü də bu, kor-koranə şəkildə olmayıb, azərbaycanlılar düşüncəli şəkildə islam dininə ibadət ediblər.
İranda isə din islama, islami dəyərlərə deyil, sadəcə olaraq, bir qrup adamın hakimiyyətdə qalmasına və İran xalqının, müəyyən qrupların əzilməsinə, onların təsir altında saxlanmasına xidmət edir. Əgər bu gün əsl müsəlman olan azərbaycanlıların yaşadığı əraziləri illərlə işğal altında saxlayan, dini məbədlərimizi təhqir edən, minlərlə müsəlmanı qətlə yetirən, qadınların heysiyyatına toxunan ermənilərə özünü islamın dayağı sayan İran,ən çox kömək edən dövlətdirsə, Ermənistan dövlət rəhbərlərini qardaş kimi bağrına basırsa onda hansı dəyərdən danışırlar? Bu gün Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü təmin etməsini, ölkəmizin regionda aparıcı dövlət olmasını gözü götürməyənlər din pərdəsi altında bir neçə adamı – hansı ki, onların dinə aidiyyəti yoxdur – qızışdırırlar. Tehrandakı səfirliyimizə silahlı hücum, millət vəkili Fazil Mustafaya sui-qəsdin ardınca İrana bağlı cəsus şəbəkəsi ayrı-ayrı şəxslər, aydınlar haqda sosial şəbəkələrdə yalan, böhtan məlumatlar yayaraq öz qatil qrupuna yeni hədəflər göstərirlər.
Bu günlərdə körpə və yeniyetmə qızların hicab taxması haqda mənim fikirlərim də kontekstdən çıxarılaraq cəmiyyətə yanlış təqdim olunub və bu mərhum din xadimi Hacı Şahinlə mübahisə kimi yayılıb. Din pərdəsi altında çirkin planlar həyata keçirən bu qrupa kiçik bir dini dərs keçim ki, Quranda qadın örtüyü ilə əlaqədar bir neçə ayə olmasına baxmayaraq, bilavasitə hicab barədə cəmi bir ayə var. Bu ayə məxsusi olaraq Həz.Peyğəmbərin xanımlarını, pis niyyətdən qorumaq üçün nazil olub. Başqa sözlə bu, Quranda yeganə ayədir ki, “pərdəarxası, arakəsmə” mənasını verən söz, orijinalda “hicab” termini ilə ifadə olunub. Beləliklə, hicab ayəsinin (Əhzab 53) həm hərfi mənası, həm də məalı göstərir ki, Rəbbimiz sonuncu Kitabında “hicab” sözündən cəmi bir dəfə istifadə edib ki, bu da sırf Peyğəmbər(ə) zövcələrilə əlaqəlidir.
Deməli, Həz.Məhəmməd və onun xanımları,Rəbb dərgahına qovuşduqları üçün “hicab” termininin bilavasitə sonrakı, o cümlədən indiki qadınlara şamil edilməsi uğurlu seçim hesab edilə bilməz. “Nur Allahın hicabıdır” Peyğəmbər(ə) kəlamıdır. Allah məhz bu hicab vasitəsilə kainatı yaradıb, yer və göy sakinlərinə haqq yolu göstərib. Bəndənin mütləq hicabı isə onun namus qalxanı ilə heyvani nəfsini məğlub edən, insanlığa və bəşəri dəyərlərə xidmət edən vicdanıdır. Öz vicdanının səsinə qulaq asan namuslu hər bir kəs, zaman və əsrin gətirdiyi tərəddüdlərə rəğmən maddi örtük, çarşab və hicabda olmasa belə, mənən o, hicabdadır. Belə izzətli insanları yersiz qınağa çəkmək və onlara həqarətlə baxmaq əsla yolverilməzdir.
Unutmamalıdırlar ki, humanist din olan İslam məcburedici din olmadığı kimi, belə insanlar içərisində saleh əməl sahibləri də kifayət qədərdir. Bu insanlara qarşı dini bayraq edib şər kampaniyası aparanların mənəvi cəzası dindən, Allahdan gələcək. Amma mən illərlə dövlət və millət üçün haqq bildiyimiz yolda savaşan ailəmizə qarşı təhdidlərin başında duran şəxslərin tapılıb qanun çərçivəsində cəzalanacağına da inanıram. Mənə və ailəmə qarşı aparılan çirkin kampaniyanın detallarını hüquq mühafizə orqanlarına təqdim edəcəyəm. Amma hər kəs qəti olaraq bilsin ki, heç bir qüvvə bizi dövlətimizə və haqq bildiyimiz yola xidmətdən çəkindirə bilməz. Özəlliklə son bir ildə, ailə üzvlərimi, tək tək həfə qoyaraq, iftira və çirkab atan şərəfsizlərə deyəcək tək bir sözüm var: Sizlər kəndi pisliyinizdə boğulacaksınız. Bu millət kimin kim olduğunu çox gözəl bilir.
Tənzilə Rüstəmxanlı
Azərbaycan-Türkiyə Evinin (ATEV) və Azərbaycan-Türk Qadınlar Birliyinin sədri