Çin sosial media platforması TikTok aylarla davam edən sınaqlardan sonra tətbiqdə onlayn alış-veriş təklif edən “TikTok Shop” funksiyasını ABŞ-da istifadəyə verib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
150 milyondan çox istifadəçisi olan ABŞ-da “TikTok Shop” funksiyasının mövcud olduğu bildirilib.
Açıqlamada markalara, satıcılara və məzmun yaradıcılarına birbaşa satış imkanı veriləcəyi, istifadəçilərin canlı yayımlar və video məzmun vasitəsilə alış-veriş edə biləcəkləri qeyd edilib.
Vurğulanıb ki, “TikTok Shop” brendlərə və məzmun yaradıcılarına maraqlarına uyğun olaraq yüksək məşğulluq səviyyəsinə malik müştərilərlə əlaqə yaratmaq imkanı yaradır.
2022-ci ilin noyabr ayından ABŞ-da üzərində iş aparıldığı bildirilən TikTok Shop, Tayland, Vyetnam, Malayziya, Filippin, Sinqapur və Böyük Britaniyada istifadə olunur.
Çinin ByteDance şirkətinə məxsus TikTok təhlükəsizlik və məxfilik problemləri və istifadəçi məlumatlarının Çin tərəfdarı fikirləri yaymaq üçün istifadə oluna biləcəyi ilə bağlı narahatlıqlar səbəbindən ciddi məhdudiyyətlərlə üzləşir.
ABŞ-ın bir çox dövlət qurumları, o cümlədən Ağ Ev, Müdafiə, Daxili Təhlükəsizlik və Xarici İşlər nazirlikləri dövlət məmurlarına ayrılan telefonlarda TikTok-u qadağan edib.
TikTok-dan istifadəni qadağan edən oxşar qanunlar Merilend, Nebraska, Cənubi Karolina, Cənubi Dakota, İndiana və Texas da daxil olmaqla bir çox ştatda qəbul edilib.