TikTok trendləri, Tosu Zəngilanlı və həşəratlarbackend

TikTok trendləri, Tosu Zəngilanlı və həşəratlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bu qız qara şokolad, kakao,
Yellədirəm popo,
Haradasan, ə, kopoğlu?
İndi deyəcəksiniz ki, qiymətlərin qalxdığı bu ağır günlərdə bu nə söhbətdir? Amma səbrli olun, izah etməyə çalışacam.
***
Hərdən TikTok tətbiqini bir neçə günlük telefonuma yükləyib, sonra da silirəm. Həmin bir neçə gün ömrümün ən nəşəli, ən xoş ovqatlı günləri olur. Yuxarıda oxuduğunuz misralar son dəfə qarşıma çıxan məşhur trendlərdən birinin sözləridir.
Vətənimin gənc və cəsur xanımları bu sözlərə yazılmış şux mahnının sədaları altında rəqs edib, “popo yellədib” video çəkir, sonra həmin videolar TikTok-da paylaşılır və qısa müddətdə dillərə dastan, yəni trend olur.
Açığı, bu cür cəsarətli və andeqraund misralar məni çox duyğulandırır. Videolar isə tamam başqa aləmdir. Bu videolarda nələrə şahid olmuruq, ilahi! Hətta qiymətlərin qalxması da bu qəhrəmanları yolundan döndərmir. “Popo yellətmək” trendi bütün ehtişamı ilə davam edir.
***
Telefonumda TikTok tətbiqinin olduğu günlər bütün qayğılarımı, problemlərimi unuduram. Dünya bir neçə günlük gözəlləşir, həyatın daha fərqli üzünü görüb, fərəhlənirəm. Qarşıma çıxan videoları izlədikcə üzümdə gülüş, qəlbimdə ümid yaranır.
Hərdən kefimi pozan, məni düşünməyə vadar edən videolarla rastlaşanda tez ötürürəm ki, ovqatım təlx olmasın. Arada şeytan ağlımı alır, mən də video paylaşıram. Sonra “lənət şeytana” deyib özümü ələ alıram, silirəm. Bu arada xüsusi olaraq qeyd edim ki, vacib və faydalı videolara baxmaq üçün TikTok-a ehtiyac yoxdur, bunun üçün daha ciddi platformalar var.
TikTok əyləncə məkanıdır. TikTok başqa dünyadır, başqa ölkədir, başqa cəmiyyətdir. Bu dünyada yaşayanların çörək, siqaret, un qayğısı, qiymət artımı problemi yoxdur. Əksəriyyət şən-şux ovqatda, qayğısız və xoşbəxtdir.
Hər yerdə çılğın əyləncə hərisləri, boş-bikar qalmaqdan bezən yeniyetmə və gənclər bu platforma vasitəsi ilə özünə əyləncə tapır, bir növ asudə vaxtını dəyərləndirir. Dünyada TikTok istifadəçiləri arasında elə çılğın trendlər var ki, bizim “popo yellədib” video çəkənlərimiz şükürlüdür.
İnsanın mahiyyətində bu cür səfeh və çılğın əyləncələrə meyl güclüdür. Ağıllı və intellektual insanlar alternativ tapır, içindəki mənfi meylləri idarə edə bilir. Ancaq təəssüf ki, beyni və zəkası inkişaf etməmiş insanlar bu əyləncələrdən imtina edə bilmirlər.
***
Milli TikTok-çularımızın (tiktokerlərimizin) arasında bir obraz var ki, bu barədə danışmasam, günah olar. Əslində bu yazını elə ona həsr etmişəm. Bir müddət əvvəl videosu qarşıma çıxdı və sarsıldım. Oturub ciddi-ciddi həyatından danışırdı. Başına gətirilən oyunları gördükcə, onun danışdıqları, yaşadıqları məni kədərləndirdi. Onu incidən ikiayaqlı həşərətlara qəzəbləndim.
Bəzən yedirib-içirib ələ salırlar, bəzən mahnı oxutdurub məzələnirlər, bəzən şəninə meyxana deyilir, bəzən özü mikrofonu götürüb ağzına gələni deyir…
Gah ağladırlar, gah cırnadırlar, gah içkili halda təhqir edib, alçaldırlar. Bəli, yəqin, TikTok istifadəçiləri başa düşdü ki, söhbət Tosu Zəngilanlıdan gedir. Özünə meyxana (“Var Zəngilandan bidənə canavar”), mahnı (“Sən A.U.E.-sən ay brat”) həsr edən, fiziki əngəlli olduğu üçün səfeh həmvətənlərinin lağ hədəfinə çevrilən, şəhid dayısının adını daşıyan Əbülfətdən danışıram.
Sizi bilmirəm, mən onun olduğu videolara baxanda zərrə qədər də əylənmirəm, əksinə, həyatın amansızlığı, insanların qəddarlığı barədə bir daha düşünürəm. Fiziki və ya əqli problemi olan insanlara əyləncə obyekti kimi baxmağın, onları incitməyin ən böyük qəddarlıq olduğunu düşünürəm.
Görünür, bəzi insanlar üçün bu qəddarlıq və səfehlik əyləncə hesab olunur. Tosu Zəngilanlını ələ salan insanların nə cəmiyyətə, nə də özlərinə faydası var. Əksəriyyəti ailəsinin hesabına yaşayan parazit həşəratlardır. Belələrinə insan deməyə dilim gəlmir. Bunları nə ölkənin, nə də həmvətənlərinin taleyi narahat edir. Çörəyin qiymətinin qalxması bu tiplər üçün sadəcə lağ-lağı mövzusudur.
***
Hə, Tosu Zəngilanlı fenomeni mənim üçün çox ağrılıdır. Sonuncu dəfə telefonumdan TikTok tətbiqini siləndə özümə söz verdim ki, onun başına gətirilənləri görməmək üçün bir də bu tətbiqi yükləməyəcəm. Guya biz oxuyub, özümüzü inkişaf etdirib, yazıb-pozub, maarifləndirib cəmiyyəti gözəlləşdirəcəkdik. Amma mövzumuz TikTok və Tosu Zəngilanlıdır. Buradan o tərəfi uçuruma yuvarlanmaqdır, yəqin ki…
***
Oxunmalı kitab: Robert Makki “Hekayə”
Nəşriyyat: “Mücrü” nəşriyyatı
Janr: Elmi-kütləvi ədəbiyyat
Dili: Azərbaycanca
Səhifə: 512
1983-ci ildə Cənubi Kaliforniya Universitetində müəllim kimi fəaliyyətə başlayan Robert Makki 1984-ci ildə “Hekayə seminarları” (“Story Seminar”) ilə məşhurlaşıb. Dünyanın müxtəlif ölkələrindən 50 000-dən artıq tələbə onun mühazirələrində iştirak edib. Tələbələri arasında 60-dan artıq “Oskar”, 200-dən artıq “Emmi” mükafatçısı olan Robert Makki ölkəmizdə çox az tanınır. Təəssüf ki, onun kitabları və mühazirələri bu günə qədər dilimizə tərcümə edilməmişdi.
“Hekayə” həm peşəkar kino adamları üçün, həm də incəsənət və ədəbiyyat sahəsində təhsil alan tələbələr, həvəskar ssenaristlər üçün əvəzsiz mənbədir. Robert Makkinin akademizmdən və terminologiyadan uzaq təhkiyəsi, sadə izahatları sizin inkişafınız üçün ciddi mənbədir. sputnik.az
Cəlil Cavanşir