Azərbaycan Respublikasının Gənclər Fondunun təşkilatçılığı və dəstəyi ilə Azərbaycan gəncləri adından qardaş Türkiyə Cümhuriyyətinin 100 illiyi münasibətilə marş bəstələnib. 44 günlük Vətən Müharibəsində Türkiyə dövlətinin və xalqının verdiyi dəstəyə minnətdarlıq etmək, qardaş ölkənin müstəqilliyinin 100-cü ildönümünü təbrik etmək məqsədi ilə Azərbaycan gəncləri adından “Türkiye 100” adlı marş ərsəyə gətirilib.
Sözləri və musiqisi Azərbaycanın Əməkdar artisti, dirijor, bəstəkar və pianoçu Turan Manafzadə tərəfindən yazılmış “Türkiye 100” adlı marşın klipinin çəkilişlərində şəhid övladları, qazilər, “Bənövşə” uşaq xoru, “Mezzo” orkestri və yüzlərlə gənc iştirak edib.
Xalqlarımızın eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması bu iki ölkəni həmişə bir-birinə doğma edib. Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” fəlsəfəsi ilə yetişən Azərbaycan gəncləri də hər zaman türk xalqı ilə qardaşlıq nümunəsi sərgiləyərək bu əlaqələrin daha da möhkəmlənməsinə öz dəstəyini göstərmişdir. Siyasi, iqtisadi, ticarət, elm, təhsil, mədəniyyət və hərbi sahədə müttəfiq olan Azərbaycan-Türkiyə Mustafa Kamal Atatürkün söylədiyi “Azərbaycanın kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdir” ifadəsində olduğu kimi kədərdə və sevincdə bir-birinin yanında olaraq milli birlik və barabərlik göstərmişlər.
Xüsusi vurğulamaq lazımdır ki, Azərbaycan-Türkiyə əlaqələri son illər ən yüksək səviyyəyə çatıb. Prezidentlər İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın şəxsi dostluq münasibətləri ölkələrimiz və xalqlarımız arasındakı münasibətlərin belə yüksək səviyyəyə çatmasında mühüm rol oynayır.
Azərbaycan gəncləri adından hazırlanmış “Türkiye 100” marşı 29 oktyabr tarixində Cümhuriyyətin Elanının 100-cü ildönümü münasibəti ilə Türkiyənin Azərbaycandakı Səfirliyi tərəfindən Heydər Əliyev Mərkəzində təşkil edilən rəsmi qəbulda təqdim edilmişdir.
“Türkiye 100” marşını təqdim edirik:
Sözləri:
Türküz biz
Önderimiz Haydar, Atatürk
Şanlı tarihimiz
Hep cesur, asil və hür
Tarihde destanlar yazan, ey aziz milletim
Payidar ol Cumhuriyyetim!
Denizde, havada, karada gücün yeter
Bayrağın nesillerden nesillere geçer
Sonsuz sevgi, minnet ile
El ele, kalp kalbe
Başın dik yaşa, canım Türkiyem!