Türkiyə quru əməliyyatlarına başlayır: Rusiya və ABŞ “dişsizdir” – ŞƏRHbackend

Türkiyə quru əməliyyatlarına başlayır: Rusiya və ABŞ “dişsizdir” – ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Silahlı Qüvvələrinin Suriya və İraqın şimalında keçirəcəyi ehtimal edilən quru əməliyyatlarının ilk hədəfinin Ayn Əl-Ərəb, Münbiç və Tel-Rıfat olacağı gözlənilir.

Bu barədə “Milliyyət” yazıb.

Bildirilib ki, ABŞ və Rusiya PKK/YPG terror təşkilatına sərhəd xəttindən 30 kilometr məsafədə geri çəkilməsi üçün təzyiqləri artırıb. Qeyd edilib ki, bu, Türkiyənin tələblərinin yerinə yetirilməsi ilə bağlıdır. ABŞ-ın tələblərinə görə, terror təşkilatları 30 kilometr geri çəkilməli və bundan sonra əraziyə ABŞ hərbçiləri yerləşdirilməlidir: “Ankara bu plana müsbət yanaşmır. ABŞ-ın ərazidə hərbi cəhətdən güclənməsi davam edir. Son 1 ayda ABŞ bölgədə 6 dəfə hərbi təminat həyata keçirib”.

Qəzet yazır ki, xüsusilə Tel–Rıfat strateji əhəmiyyətə malik ərazidir. Ona görə də, ilkin hədəf kimi nəzərdə tutulub. İddialara görə, məsələ ilə bağlı ərazidəki Rusiyanın hərbi nümayəndələri ilə məsləhətləşmələr aparılır.

Qeyd edək ki, daha əvvəl Türkiyənin milli müdafiə naziri Hulusi Akar əməliyyatların uğurla davam etdiyini bildirib. Onun sözlərinə görə, həm İraqın, həm də Suriyanın şimalındakı bütün əməliyyatlarda yeganə hədəf terrorçulardır. Nazir deyib ki, Türkiyənin sərhədlərinin təhlükəsizliyinin təmin edilməsinə çalışılır.
Xatırladaq ki, 2022-ci ilin noyabrın 19-da Suriya və İraqın şimalında Türkiyə Silahlı Qüvvələri “Pəncə-Qılınc” hava əməliyyatına başlayıb. Əməliyyat Türkiyə tarixinin ən böyük hava hərəkatıdır.

Çox güman ki, Türkiyə ordusu yaxın vaxtlarda quru əməliyyatlarına başalayacaq. Prezidenti Ərdoğan, milli müdafiə naziri Hulusi Akar bir neçə dəfə bu bəradə xəbərdarlıq ediblər. Əlbəttə, indi geri çəkilmək doğru olmaz. Sərt bəyənatların davamı gəlməlidir.

Anti-terror əməliyyatlarının davam etməsi qardaş ölkə üçün bir neçə cəhətdən əhəmiyyətlidir. Birincisi, Türkiyə bu yolla təhlükəsizlik zolağını təmin etmiş olacaq. İkincisi, Rusiya və ABŞ-a öz sözünü deyəcək. Göstəriləcək ki, Türkiyə həmin dövlətlər olmadan da öz maraqlarını təmin edə bilir. Üçüncüsü, İstanbulun Taksim meydanında törədilmiş terror aktının qisası alınacaq. Dördüncüsü, bütün bunların nəticəsində prezident seçkiləri ərəfəsində AK parti iqtidarı xal qazanacaq. Beləkliklə, böyük ehtimalla anti-terror əməliyyatları davam edəcək və miqyası daha da genişlənəcək.

Əlbəttə, Ankaranın terrorçuları zərərsizləşdirməklə bağlı qətiyyəti Moskva və Vaşinqtonun marqlarına uyğun deyil. Bu mənada ABŞ Türkiyəyə təzyiqlərin artırılmasına çalışa bilər. Həmçinin Moskva – Ankara münasibətlərində də müəyyən ziddiyət yarana bilər.

Amma Ukraynadakı müharibədə Türkiyə neytral mövqe ortaya qoyan nadir Avropa, yeganə NATO ölkəsidir. Ərdoğan zaman-zaman Rusiyaya bəraət qazandırmağa çalışıb. Bundan başqa, tərəflərin mövqeləri Cənubi Qafqaz məsələsində də toqquşur. Bu isə o deməkdir ki, Rusiya Türkiyənin qarşısında “gözü kölgəlidir”. Bu mənada Suriya və İraqdakı əməliyyatlarla əlaqədər Moskvanın Ankaraya kəsin reaksiya göstərəcəyini düşünmürəm. Onu da nəzərə almaq lazımdır ki, Rusiya ilə ABŞ arasında “bütün körpülər yanıb”. Odur ki, indi Moskva Vaşinqtonla eyni cəbhədə olmaz.

Sözsüz, Türkiyənin anti-terror əməliyyatlarını davam etdirməsi asan başa gəlməyəcək. Türkiyəyə təzyiqlər artacaq. Həmçinin daxildəki müxalifət də bu məsələyə “don geyindirməyə” çalışacaq. Amma Ankara konkret mövqe ortaya qoyacaq.

Kənan Novruzov
Kənan Novruzov

Kənan Novruzov