Ukrayna Azərbaycanın ərazi bütövlüyünü ardıcıl surətdə dəstəkləməyə davam edirbackend

Ukrayna Azərbaycanın ərazi bütövlüyünü ardıcıl surətdə dəstəkləməyə davam edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin hücumu nəticəsində Ermənistan-Azərbaycan münaqişəsi zonasında vəziyyətin kəskinləşdiyi bu günlərdə Ukrayna Azərbaycanın ərazi bütövlüyünü və onun özünümüdafiə hüququnu ardıcıl surətdə dəstəkləməyə davam edir.

Ali Radanın yüksək vəzifəli nümayəndələrinin ardınca Ukrayna xarici siyasət idarəsinin başçısı Dmitri Kuleba da Azərbaycan Respublikasını dəstəklədiyini bəyan edib.

“Dövlətlərin ərazi bütövlüyünün dəstəklənməsi Ukrayna xarici siyasətinin təməl daşıdır. Azərbaycan bizim ərazi bütövlüyümüzü dəstəklədiyi kimi, biz də ardıcıl olaraq onun ərazi bütövlüyünü dəstəkləyirik. Bu prinsip bizim üçün dəyişməz olaraq qalır”, – deyə nazir brifinqdə bildirib.

ATƏT-in Daimi Şurasının sentyabrın 29-da keçirilmiş xüsusi iclasında Ukraynanın daimi nümayəndəsi çoxsaylı insan tələfatı ilə əlaqədar təəssüfləndiyini, habelə münaqişənin Azərbaycanın beynəlxalq miqyasda tanınmış sərhədləri çərçivəsində onun ərazi bütövlüyü və suverenliyi əsasında sabit şəkildə nizamlanmasını dəstəklədiyini bildirib.

Ermənistan tərəfi çıxışında qeyd edib ki, Ukrayna nümayəndəsinin bu bəyanatı Azərbaycanın “Arsax”a qarşı “təcavüzünün” təşviqinə yönəlib və münaqişənin spesifikasını nəzərə almır. O vəd edib ki, Ermənistanın da Ukrayna daxilindəki münaqişəyə münasibəti qarşılıqlı olacaq. Ukraynanın daimi nümayəndəsi bunun cavabında diqqətə çatdırıb ki, Ukraynada daxili münaqişə yoxdur.

O, xatırladıb ki, Ermənistan BMT çərçivəsində ardıcıl olaraq Ukraynanın ərazi bütövlüyü əleyhinə səs verir. Ölkəsinin Ermənistan-Azərbaycan münaqişəsinə dair mövqeyinə gəlincə isə bu mövqe prinsipialdır və hamıya yaxşı məlumdur. O, təkrarən vurğulayıb ki, bu mövqe Azərbaycanın beynəlxalq miqyasda tanınmış sərhədləri çərçivəsində onun ərazi bütövlüyü və suverenliyi əsasında sabit həllinə yönəlib. Ukraynanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Ali Radanın xalq deputatı Yelizaveta Yasko da münaqişənin nizamlanmasına münasibət bildirib.

O, “Facebook” səhifəsində bəyan edib ki, “Azərbaycan və Ermənistan arasında münaqişənin hər hansı həlli beynəlxalq hüquq prinsiplərinə, o cümlədən beynəlxalq miqyasda tanınan sərhədlərə hörmət prinsipinə əsaslanmalıdır.

O, həmçinin qeyd edib ki, “Ukrayna Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşır”. Ukrayna siyasətçiləri, deputatları, ictimai xadimləri, sıravi vətəndaşları və diaspor nümayəndələri tərəfindən Azərbaycanın ədalətli mövqeyini dəstəkləyən çoxsaylı aksiyalar və müraciətlər davam edir.

 

İnterpress.az