Ümumdünya Səhiyyə Təşkilatı Yəməndə qızılcadan 7 ayda 413 nəfərin öldüyünü açıqlayıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Yəməndə ilin əvvəlindən iyulun sonuna qədər 34 min 300 qızılca və məxmərək xəstəliyinin aşkar edildiyi və bu müddət ərzində 413 ölüm halının qeydə alındığı bildirilib.
Ötən il eyni səbəbdən 27 min hadisənin və 220 ölüm halının qeydə alındığına diqqət çəkən açıqlamada qızılcaya yoluxma hallarının artmasının və insan itkisinin “iqtisadi vəziyyətin pisləşməsi, gəlirlərin azalması” kimi səbəblərdən qaynaqlandığı bildirilib.
Vətəndaş müharibəsi və onun fəsadları səbəbindən Yəməndə səhiyyə sektorunda ciddi tibbi avadanlıq çatışmazlığı var.
Yəməndə İranın dəstəklədiyi husilər 2014-cü ilin sentyabrından paytaxt Səna və bəzi bölgələrə nəzarət edir.
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri 2015-ci ilin mart ayından husilərə qarşı Yəmən hökumətinə dəstək verir.
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının hesabatlarına görə, Yəmən xalqının 73 faizi (təxminən 23,4 milyon) vətəndaş müharibəsi səbəbindən humanitar yardıma ehtiyac duyur, 4,3 milyon insan isə evlərini tərk etmək məcburiyyətində qalıb.
Münaqişədə 377 min insan, o cümlədən 13 mindən çox mülki şəxs həyatını itirib.