“Vaşinqton yeni sünni-şiə müharibəsi istəyir” – Politoloq rəyibackend

“Vaşinqton yeni sünni-şiə müharibəsi istəyir” – Politoloq rəyi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti Co Bayden Kaliforniyada vətəndaşlar qarşısında çıxışı zamanı bildirib ki, “Narahat olmayın, biz İranı azad edəcəyik. İran xalqı tezliklə azad olacaq”. Baydenin “İranı azad edəcəyik” bəyanatına Tehranın cavabı da gecikməyib. İran Prezidenti İbrahim Rəisi Tehranda keçirilən tədbirdəki çıxış zamanı deyib ki, “Bir neçə saat əvvəl öyrəndim ki, ABŞ prezidenti bəlkə də fikri yayındığı üçün açıqlama verib. O, “Biz İranı azad etməyi hədəfləyirik” deyib. İran 43 il əvvəl azad edilib və sizin əsarətinizə düşməməkdə qərarlıdır”. “İran ABŞ, İsrail və Səudiyyə Ərəbistanının Tehrana qarşı başlatdığı hibrid müharibəsinə qarşı mübarizəyə hazırdır” açıqlamada bildirilib.

Mövzu ilə bağlı politoloq Turan Rzayev İnterpress.az-a açıqlamasında bildirib ki, ABŞ hazırkı vəziyyətdə gözləmə mövqeyindən proseslərə birbaşa müdaxilə mövqeyinə keçmək qərarına gəlib:

“ABŞ hər nə qədər İrandakı rejimi devirməyi istəsə də, bunun təkcə etiraz aksiyalarına dəstək verməklə kifayət etməyəcəyini yaxşı bilir. Molla rejimini güc aldığı, güvəndiyi bütün imkanlardan məhrum etmək lazımdır. Bunun üçünsə regionda yeni bir müharibəyə ehtiyac var. Rəsmi Vaşinqton xarici siyasətinin ən spesifik cəhətlərindən biri dost və düşmən anlayışıdır. Yəni ABŞ özündən güclü düşmənin olmasını istəmədiyi kimi, özündən güclü dostunun da olmasını istəmir. Rəsmi Vaşinqton üçün Yaxın Şərqdə bir neçə strateji tərəfdaş və müttəfiq ölkə var. Bunlar sarsılan İsrail, Səudiyyə Ərəbistanı, Türkiyə və s-dir. ABŞ Türkiyəni dollar diplomatiyası ilə, İsraili siyasi böhran ilə tənzimləyə bilir.

Görünən odur ki, Vaşinqton regionda Səudiyyə Ərəbistanı və İran arasında məzhəb faktorlu müharibə başlatmaq istəyir. Çünki Səudiyyə-İran müharibəsi İranı və Səudiyyəni kifayət qədər zəiflədə bilər. Beləcə ABŞ həm güclənməkdə olan Səudiyyəni tənzimləyə, həm də regional maraqları üçün ciddi təhdid olan ipə-sapa yatmayan İranda rejimi dəyişərərək öz maraqlarına uyğun yeni rejim formalaşdıra bilər”.