ABŞ-ın Vaşinqton ştatında baş verən meşə yanğınında 1 nəfər həyatını itirib, 8 min 90 hektar ərazi məhv olub.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
ABŞ-ın Kanada sərhədində yerləşən Vaşinqton ştatının Spokane şəhəri yaxınlığında ötən cümə günü iki nöqtədə baş verən meşə yanğınları davam edir.
Səlahiyyətlilər yanğında 1 nəfərin həyatını itirdiyini, 8 min 90 hektar ərazinin kül olduğunu, əksəriyyəti ev olmaqla 200 tikilinin yandığını bildirib.
Bildirilib ki, yanğınsöndürmə qrupları alovla mübarizəni davam etdirərkən, bölgəyə yağış yağacağı gözlənilir və yanğını idarə etmək daha asan olacaq.
Vaşinqton qubernatoru Cey İnsli yanğınlarla əlaqədar fövqəladə vəziyyət elan edib, bölgədə yaşayan minlərlə insan təxliyə edilərək sığınacaqlara yerləşdirilib.
Vaşinqton ştatının Təbii Sərvətlər Departamenti yanğınların quru ot və buğda tarlalarında başladığını bildirib.
Hadisə şahidləri bildiriblər ki, yanğınlar qəfil başlayıb və çox sürətlə yayılıb.