Politoloq Asif Nərimanlı Xocalı soyqrımını törədənlərdən biri – Vaqif Xaçaturyan Laçın postunda saxlanılması xəbərinə münasibət bildirib.
İnterpress.az xəbər verir ki, o, bu hadisənin Azərbaycan tarixində ilk belə hadisə olduğunu söyləyib:
“Və onun etirafları digər qatillərin ifşa olunması, bu soyqırımın tanıdılması baxımından əhəmiyyətlidir”
“Bu hadisə həm də Xocalı qatillərinin hamısının bir gün məhkəmə qarşısında cavab verəcəyi inamını yaradır. Qisas qiyamətə qalmamalıdır”, – siyasi şərhçi əlavə edib.
Qeyd edək ki, Meşəli soyqırımı hadisələri ilə bağlı beynəlxalq axtarışda olan şəxslərdən biri saxlanılıb. Keçirilmiş axtarış tədbirləri nəticəsində 29 iyul 2023-cü il tarixdə Vaqif Xaçaturyan Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə müalicə almaq adı altında Ermənistan Respublikasına getmək istəyərkən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb.
Baş Prokurorluqdan bildirilib ki, qanunsuz erməni silahlı birləşmələrinin üzvləri tərəfindən 22 dekabr 1991-ci il tarixdə Xocalı rayonunun Meşəli kəndində Azərbaycan milliyətindən olan şəxslərin soyqırımı, deportasiyası, kənd sakinləri və dövlətə məxsus çoxsaylı əmlakı məhv etmə və zədələməklə külli miqdarda maddi ziyanın vurulması faktları üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə Azərbaycan Respublikasının Prokurorluq orqanları tərəfindən başlanmış cinayət işinin istintaqı davam etdirilir.