“Xankəndinə yardımın göndərilməsi fonunda Qarabağda baş verənlər diqqət çəkir”.
İnterpress.az xəbər verir ki, bunu siyasi şərhçi Asif Nərimanlı bildirib.
Onun sözlərinə görə, bir qrup erməni təxribatçı Azərbaycanın göndərdiyi yardım TIR-larının önünü kəsmək üçün Ağdam yoluna toplaşdı və bu təxribatçılar Ruben Vardanyanın dəstəsinin üzvləridir:
“Vardanyan Rusiya sülhməramlılarını müdafiə edən açıqlamalar verdi. Rusiya Müdafiə Nazirliyi Azərbaycanı Şuşada “atəşkəsi pozmaqda” ittiham etdi: bu, uzun müddətdən sonra ilk belə ittihamdır. Qarabağdakı qondarma “rus icması” Azərbaycanın tərkibində yaşamaq istəmədiklərini açıqlayıb. Bütün bunlar Ağdam yolunda Azərbaycan TIR-larının önünün kəsilməsinin arxasında rus izinin olduğu ehtimalını ön plana çıxır. Rusiyanın ikili oynadığı istisna edilməməlidir: bir tərəfdən, Bakının qarşısını kəsə bilmədiyi üçün Laçın yolu ilə yanaşı, Ağdam yolunun da açılmasını dəstəkləyir, digər tərəfdən, Vardanyanın dəstəsini oyuna daxil etməklə “erməni əhalisi yardımı qəbul etmir” görüntüsü yaradır və bununla azərbaycanlıların qurduğu çadırla erməni təxribatçıların qurduğu çadır arasında “vasitəçi” kimi bölgədəki mövcudluğuna ehtiyac formalaşdırır. Xankəndi uğrunda mübarizənin yeni mərhələsi artıq başlayıb”.