Son günlər xarab olmuş şirniyyatlarla bağlı istehlakçılar arasında haqlı narazılıqlar yaranır və müştərilər marketləri günahkar bilirlər.
Mövzu ilə bağlı interpress.az-a danışan qida üzrə mütəxəssisi İlkin Şirinov maraqlı faktlar açıqlayıb.
O bildirib ki, havaların isti keçməsi ilə əlaqədar olaraq məhsul satan distributer şirkətlərin anbarında olan şəraitsizlik müştəri ilə marketi üz-üzə qoyur.
“Belə ki, həmin şirkətlərin anbarında hava temperaturunun və rütubətliliyin tənzimlənməməsi və soyutma sistemlərinin işləməməsi şirniyyatlarda, konfetlərdə və digər qida məhsullarında tərkib dəyişikliyi və xarab olmalarla müşahidə olunur. Aylarla anbarlarda qalan məhsullar şəraitsizlikdən yararlılıq müddəti bitməmiş xarab olmağa başlayır.
Məhsulu sifariş verən marketlər yalnız yararlılıq müddətinə baxıb malı qəbul edirlər. Məhsulu marketdən alan müştəri isə malın məxsus olduğu idxalçı şirkəti deyil, məhz marketi günahkar bilir. Nəticədə cərimələnən həmin şirkət deyil, market olur”, – ekspert vurğulayıb.
Marketlərin qida saxlama anbarlarından danışan mütəxəssis onu da bildirib ki, bəzən marketlərin anbarlarıda standartlara cavab vermədiyindən sağlam məhsulların xarab olması baş verir.
“Yəni anbarlarda rütubətlilik həddindən çox olduqda, anbarlar soyudulmadıqda sifarış olunan məhsulun ömrü anbarda bitmiş olur. Artıq bu zaman marketlə idxalçı şirkət arasında bağlanan müqaviləyə əsasən məhsullar şirkətə iadə olunmalıdır. Utilizasiya (məhv etmə) prosesi haqqında istehlakçılara məlumat verilməlidir”, – mütəxəssis qeyd edib.
Xuraman Etibarlı
İnterpress.az