“Xırdalan poliklinikası”nda ölüm kağızı əngəli: “Əgər mən atamın ölməyini təsdiq edə bilmirəmsə…” – Şikayətbackend

“Xırdalan poliklinikası”nda ölüm kağızı əngəli: “Əgər mən atamın ölməyini təsdiq edə bilmirəmsə…” – Şikayət

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Niyə insanlar dövlət xəstəxanalarında olan savadsız həkimlərə sağlamlıqlarını etibar etməlidir?!”.

Yenicag.az xəbər verir ki, atasının ölüm kağızını almaq üçün “Xırdalan poliklinikası” adlandırılan Xırdalan Ailə Sağlamlıq Mərkəzinə üz tutan iqtisadçı Samir Əliyev üzləşdiyi problemə etiraz edib.

Onun sözlərinə görə, ölüm kağızının alınması müşkül məsələyə çevrilib. Hətta məhkəməyə müraciət etməli olub:

“Atamın ölüm kağızını almaq üçün Xırdalan Ailə Sağlamlıq Mərkəzinə getmişdim. Qeydiyyat şöbəsindən ailə həkimi, terapevt Sevinc Qaragözovaya yönləndirdilər. Terapevt isə dedi ki, atanız bizdə qeydiyyata düşməyib, mənim pasiyentim olmayıb, onun xəstəliyi barədə məlumatsızam. Ona insan öldükdən sonra xəstəliyinin nə olmasının əhəmiyyətsiz olduğunu izah etməyə çalışdım. Və əlavə etdim ki, atam TƏBİB sistemində olan ixtisaslaşmış xəstəxanalarda – Kardiologiya, “Respublikanskiy” xəstəxanalarında müalicə olunub və orada qeydiyyatda olub. Hətta əlavə etdim ki, koronavirusa yoluxanda sizdə qeydiyyatda olub və sizdən pulsuz dərman da götürmüşük. Bütün dediklərimin faydası olmadı. Dedi ki, məhkəməyə müraciət etməlisiniz. Məhkəmə yaxınlıqda olduğundan təcili ora baş çəkdim. Görüşdüyüm vəkil dedi ki, poliklinikadan imtina kağızı almalıyam, sonra onun əsasında “pasportstol”dan imtina kağızı almalıyam. Bütün bu işlər üçün 200 manata yaxın xərc çıxacaq. İmtina kağızı üçün təkrarən terapevt xanıma müraciət edəndə bildirdi ki, Xırdalan xəstəxanasına müraciət edib imtina kağızını oradan almalıyam. TƏBİB-ə zəng vurdum. Onlar da terapevtin dediklərini təkrarlayaraq bunun yolunun məhkəmə olduğunu bildirdilər. Sözgəlişi məsələni araşdıracaqlarını bildirdilər. İndidən cavablarının nə olacağını bilmək çətin deyil.

Məhkəmədə olanda yaşlı bir qadın da eyni problemlə bağlı gəlmişdi. Onu da get-gələ salmışdılar.

İndi mən bu dövlətə atamın rəhmətə getməsini sübut etmək üçün neyləməliyəm? Ölüm faktı var, təcili tibbi yardım maşını da faktı qeydə alıb. Atam TƏBİB sistemində qeydiyyatda olubsa və həmin qeydiyyatda onun müalicəsi ilə bağlı məlumatlar varsa, niyə məhkəməyə üz tutmalıyam? Niyə insanlar dövlət xəstəxanalarında olan savadsız həkimlərə sağlamlıqlarını etibar etməlidir?!

Xırdalan poliklinikasına getmişəm nə işıq var, nə təmizlik var. Əminəm ki peşəkar həkim də yoxdur. Bu obyekti bağlamaq, həkimlərini isə səhiyyə sistemindən uzaqlaşdırmaq lazımdır. Ailə həkimi olan xanım nə vaxt ərazisindəki insanlarla maraqlandı ki, indi də deyir ki, mənim pasiyentim deyil. Əgər mən atamın ölməyini təsdiq edə bilmirəmsə, deməli, o hələ sağdır və hər ay pensiya almaq hüququ qalır. Çox əcaib səhiyyə sistemimiz var”.