ABŞ-ın Müharibə Araşdırmaları İnstitundan bildirilib ki, İran, Rusiya və Suriya rejimi ABŞ-ı Suriyadan çıxarmağa çalışır. Qeyd olunub ki, bu kampaniya ABŞ-ın Suriyadakı qüvvələri və ABŞ-ın Yaxın Şərqdəki maraqları üçün ciddi risk yaradır.
Məlumata görə, İran və Suriya rejiminə bağlı mənbələr iyunun sonundan ABŞ və Suriyadakı müttəfiq qüvvələrin rejimin nəzarətində olan şəhərləri geri almaq üçün hücuma keçmək niyyətində olduğuna dair yalan iddialar yayırlar.
İnstitut bu iddiaların həqiqətə uyğun olmadığını açıqlayıb.
Qeyd edilib ki, İran, Rusiya və Suriya rejimi arasında möhkəmlənən əlaqələrdə və koordinasiyada əsas məqsəd, çox güman, Əsəd rejiminin beynəlxalq legitimliyini gücləndirmək və Suriya ərazisi üzərində İran-Rusiya nəzarətini genişləndirməkdən ibarətdir. Çünki İran, Rusiya və Suriya rejimi ABŞ qüvvələrinin Suriyanı tərk etməsində ortaq maraqlara malikdir.
İnstitutun məlumatında vurğulanıb ki, İran, Rusiya və Suriya rejimi ABŞ-ı Suriyadan çıxarmaq üçün ortaq addımlar atırlar.
Amerikalı analitiklərin fikrincə, yaxın gələcəkdə Suriyada ABŞ-la İran, Rusiya və Suriya rejimi arasında yeni toqquşma yarana bilər. Buna əsas kimi müttəfiqlərin əraziyə yeni qüvvələr yığdıqları bildirilib.
Bir çox mövqedə olduğu kimi, Yaxın Şərqdə də Rusiya ilə ABŞ arasında ciddi mövqe rəqabəti gedir. Tərəflər bölgədə öz hegemonluqlarını təmin etməyə çalışırlar. Son zamanlar Moskva ilə Vaşinqton arasında artan gərginlik, həmçinin Rusiya İran əməkdaşlığı Suriyadakı proseslərə də təsir edir. Görünür, Rusiya digər bölgələrdə zəiflənən təsir dairəsini Suriyada kompensasiya etməyə çalışır.
Əgər Suriyada gərginlik davam edərsə, sözsüz ki, Rusiya, İran və Suriya bu məsələdə birgə davranmalı olacaq. Onlar ABŞ-ın regiondakı mövqelərini ancaq birgə səylər nəticəsində zəiflədə bilərlər. Hərçənd bu, o qədər də asan məsələ deyil. Çünki ABŞ uzun illər ərzində Suriyada möhkəmlənib. Ölkədə ABŞ-ın hərbi bazaları var. Bu isə o deməkdir ki, ehtimal edilən qarşıdurma kifayət qədər qanlı olacaq. Əlbəttə, bundan ən çox əziyyət çəkən də Suriya özü olacaq.
Proseslərin necə inkişaf edəcəyi təbii ki, həm də Türkiyənin ortaya qoyacağı mövqedən asılıdır. Ankaranın Suriyada əsas aktorlarından biri olduğunu unutmaq olmaz. Türkiyənin Suriyada ABŞ-la Rusiyanın qarşı-qarşıya gəlməsində maraqlı olduğunu düşünmürəm. Fikrimcə, qardaş ölkə ehtimal edilən qarşıdurmanın qarşısını almağa çalışacaq.
Rusiyanın Suriyada yeni hərbi toqquşmaya başlaması bu dövlətin Cənubi Qafqazdakı mövqelərinin daha da zəifləməsi baxımından bizim maraqlarımıza uyğun olsa da, dünya üçün yaxşı nəsə vəd etmir.
Kənan Novruzov
İnterpress.az