Yazıçı Vahid Məmmədlinin “Leyli və Məcnun” romanı Türkiyədə ÇAP OLUNDUbackend

Yazıçı Vahid Məmmədlinin “Leyli və Məcnun” romanı Türkiyədə ÇAP OLUNDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yazıçı Vahid Məmmədlinin “Leyli və Məcnun” romanı Türkiyədə çap olunub.

İnterpress.az xəbər verir ki, Azərbaycan ədəbiyyatının tanınmış yazıçısı, əsərləri müxtəlif dillərə tərcümə olunaraq fərqli ölkələrdə ardıcıl yayımlanan Vahid Məmmədlinin “Leyli və Məcnun” adlı yeni romanı bu günlərdə Türk oxucusu ilə görüşüb.

İlk dəfə fantastik roman olan “Atropatena Dastanı” adlı əsəriylə Türk oxucularının qarşısına çıxan Vahid Məmmədli “İz Yayımları” tərəfindən İstanbulda çap olunan bu kitabıyla Türkiyədə ən çox oxunan yazıçılar sırasına girməyi bacarmışdı.

Vahid Məmmədli

Vahid Məmmədlinin növbəti romanı Leyli və Məcnun yenə İstanbulda Türk Ədəbiyyatı Vəqfi tərəfindən tanınmış yazıçı və tərcüməçi, Azərbaycan ədəbiyyatının yorulmaz təbliğatçısı İmdat Avşarın tərcüməsində yayımlandı və kitab artıq Türkiyənin bütün kitab mağazalarında satışa verilmişdir. Möhtəşəm dizayn ilə işıq üzü görən kitabın üz qapağında romanın məzmununə uyğun tablo isə Türkiyənin məşhur rəssamı Prof. Dr. Rauf Tuncerə aiddir.

Romanın tərcüməçisi İmdat Avşar belə qeyd edir:

– Vahid Məmmədli Azərbaycan ədəbiyyatını Azərbaycan sərhədlərindən kənarda da böyük bacarıqla təmsil edən bir yazıçıdır. Onun bənzərsiz bir məlumat yaddaşı və böyük bir xəyal gücü var. O, bu xəyal gücü və klassik mətnləri yenidən şərh etmə istedadı sayəsində əsrlərdən bəri anlatılan Şərqin klassik mətnlərini oxucunu heyrətləndirən bir qurğuyla yenidən qələmə ala bilir. Yazarın bu seçimi hər şeydən öncə cəsarət tələb edir. Çünki Vahid Məmmədli Nizaminin, Füzulinin məsnəvilərinin qəhrəmanlarını hardaysa min illik bir keçmişdən bu günə, Azərbaycana daşıyır və Şərqin bu məşhur eşq hekayəsini öz eşq fəlsəfəsinə görə yenidən şərh edir. Vahid Məmmədlinin Məcnunu klassik mətnlərdəki Məcnun deyil, cəmiyyətin qarşısına çıxan, boyun əyməyən və sevgi uğruna mücadilə edən bir qəhrəmandır… Onun bu əsəri klassik mətnin axarında hadisələrin çağdaş bir izahıdır. Bu səbəblə əsərlərini həmişə böyük diqqətlə oxuduğum, izlədiyim və tərcümə etdiyim əziz dostumun bu kitabının da Türkiyədə böyük bir maraqla qarşılanacağından heç bir şübhəm yoxdur…

Romanın ön söz müəllifi, tanınmış ədəbi tənqidçi Mətanət Vahid qeyd edir:

– “Leyli və Məcnun” romanında klassik mətnə son cizgiyə kimi yaxınlaşıb, bir-birinə toxunmadan uzaqlaşan məqamlar roman müəllifinin həm Nizami, Füzuli, Dəhləvi, Cami… kimi klassiklərlə bir sırada özündən söz etdirmək, həm də “onlardan fərqli olaraq” şərhinə talibliyidir. Nəticə etibarilə, Vahid Məmmədli elə bir roman ərsəyə gətirib ki, fərqli cəhətləri ilə bağlı arqumentlərlə yeniliyindən də söz açmaq olar, məsələyə opponentlik edib yalnız klassik müstəvidən dəyərləndirmək də.

“Leyli və Məcnun” romanı hər cür interpretasiya və şərhlərə açıq mətndir. Burada əsərin ana xəttini təşkil edən təsəvvüf rəmzlərindən geniş danışmaq mümkündür.

Filologiya elmləri doktoru Elnarə Akimova əhatəli məqaləsində vurğunu mətnin məhz bu yönünə edərək “Leyli və Məcnun”dan əsasən təsəvvüf romanı olaraq bəhs edir:

“Son zamanlar bizdə artıq davamlı şəkildə oxucunu dini kontekstlərdə düşündürmək, real və mistik dünya antitezaları mifologiya ilə yanaşı, bədii təfəkkürün də qayəsini təşkil etməkdədir.

“Leyli və Məcnun” əsəri də təsəvvüf simvolikası ilə zəngin əsərdir… Yazıçı ilahi-fəlsəfi düşüncədə daha ali mənəvi-elmi mərtəbə sayılan irfanın bütün rəmz və mistik hallarından yararlanır. İnsan-Tanrı bağlılığını həm yer və səma səltənəti, həm də canlı və cansız aləmin əlaqə və münasibətlərinin sehirli zənginliyi müstəvisində inikas etdirməyə çalışır. Sufi, irfani kodların bütün təzahürlərinə köklənir, daha doğrusu, çoxqatlı olan mətndə keçid kimi bu “irfan düymələrindən” istifadə edir…”

Eyni müvəffəqiyyətlə romanın tarixi-coğrafi arealına fokuslanmaq, vizual aspektləri ilə diqqət çəkən mətni intermediallıq kontekstindən dəyərləndirmək, yaxud fəlsəfi-psixoloji istiqamətdən də təhlilə cəlb etmək mümkündür.

Azərbaycan ədəbiyyatını ölkədən xaricdə uğurla təmsil və təbliğ edən Vahid Məmmədlinin uğurlarının daim olmasını diləyir, ona yeni yaradıcılıq uğurları arzulayırıq.

Qeyd edirik ki, kitabın təqdimatı yaxın günlərdə İstanbulda keçiriləcəkdir.