Yəhudi icmasından Azərbaycana dəstək BƏYANATIbackend

Yəhudi icmasından Azərbaycana dəstək BƏYANATI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın yəhudi icması İsrail və bütün dünya yəhudilərinə Azərbaycana dəstək bəyanatı göndərib.

Bəyanatda deyilir:

“Azərbaycan zəngin tarixi, mədəni və multikultural dəyərləri olan ölkədir. Millətindən və irqindən asılı olmadan qanuna əməl edən hər kəs bu ölkədə dinc və sağ-salamat yaşaya bilər. Biz Azərbaycan yəhudiləri artıq 2 min ilə yaxındır burada sülh və əmin-amanlıq şəraitində yaşayırıq. Tam əminliklə deyə bilərik ki, Azərbaycan xalqı sülhsevər, tolerantdır və multikulturalizmə sadiqdir.

İcmamız təqribən 10 min nəfərdən ibarətdir. Ölkədə sinaqoqlar, yəhudi məktəbləri və uşaq bağçaları fəaliyyət göstərirlər. Ölkəmizdə müxtəlif xalqların nümayəndələri dostluq və həmrəylik mühitində yaşayırlar. Azərbaycan dövləti müxtəlif azsaylı xalqları təmsil edən öz vətəndaşlarına və ölkədə yaşayan və işləyən insanlara tolerant, qonaqpərvər münasibət göstərir.

Təəssüflə qeyd edirik ki, artıq 30 ilə yaxındır Azərbaycanın ərazilərini işğal altında saxlayan Ermənistan dövləti təxribatlardan imtina etmək istəməyərək vaxtaşırı olaraq Azərbaycanın mülki və hərbi obyektlərinə, vətəndaşlarına qarşı təxribat törədir.

Təəssüf hissi ilə bəyan edirik ki, 2020-ci il sentyabrın 27-də saat 06:00 radələrində Ermənistanın silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq iriçaplı artilleriya qurğularından cəbhə zonasında yerləşən yaşayış məntəqələrini intensiv atəşə məruz qoyub. Bu, Ermənistan silahlı qüvvələrinin mülki əhaliyə və obyektlərə qarşı yönəlik növbəti qəsdən edilən və planlaşdırılmış təxribatıdır. Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində mülki vətəndaşlar və hərbçilər arasında həlak olanlar və yaralananlar var, bir çox evə və mülki obyektlərə ciddi ziyan vurulub.

Həlak olanlar arasında məktəblilər və ahıl insanların da olması bizi xüsusilə narahat edir. Mülki əhalini qəsdən hədəfə almaq beynəlxalq hüququn normalarının, o cümlədən 1949-cu il Cenevrə Konvensiyasının kobud şəkildə pozulması deməkdir. BMT Baş Assambleyasının 75-ci sessiyasında ümumi debatların keçirildiyi, dünyanın COVID-19 pandemiyası ilə mübarizə apardığı bir şəraitdə Ermənistan dövlətinin beynəlxalq hüquqa, BMT-nin nizamnaməsinə və beynəlxalq ictimaiyyətə hörmətsizliyi ciddi təssüf və əndişə doğurur. BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinə əməl etməyən, habelə beynəlxalq hüququn normalarına məhəl qoymayan Ermənistan işğalçılıq məqsədləri ilə təxribatçı hərəkətlərini davam etdirərək, insan haqlarını kobud şəkildə pozaraq regionda daha təhlükəli vəziyyət yaradır ki, bu da beynəlxalq təşkilatlar və qabaqcıl dövlətlər tərəfindən qəti qınama, erməni təcavüzünün qarşısının dərhal alınmasını tələb edir. Biz Azərbaycanda yaşayan icmanın yəhudiləri sizə, əziz qardaşlarımıza müraciət edərək təxribatların qarşısını almaqdan və Azərbaycanın işğal olunmuş ərazilərin təxirəsalınmadan azad edilməsindən ötrü Ermənistana mümkün olan bütün təsirləri göstərməyə, Ermənistan hökumətinin beynəlxalq hüquqa və normalara hörmətcil münasibətini təmin etməyə çağırırıq”.

 

İnterpress.az