Zelenski və Tramp cümə günü Ukrayna mineral sövdələşməsini imzalaya bilərlər.
İnterpress.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb. Ukrayna və ABŞ prezidentləri arasında danışıqlarda Ukrayna faydalı qazıntılarının hasilatı üzrə sazişin şərtləri razılaşdırılıb.
Amerikalılar resurs gəlirləri hesabına 500 milyard dollar təzminat tələblərini azaldıblar. Bununla belə, Kiyevin israr etdiyi təhlükəsizlik təminatları da saziş layihəsinə daxil edilməyib.
Layihəyə əsasən, Kiyev faydalı qazıntıların gələcəkdə satışından əldə etdiyi gəlirləri fonda köçürəcək. O da öz növbəsində Ukrayna müəssisələrinə sərmayə qoyacaq.
ABŞ-nin bu fondda payı gələcək müqavilələrdə göstərilməlidir.
Sənəd hələ cümə günü, Ağ Evdə Zelenski ilə Trampın şəxsi görüşündə imzalana bilər.
BILD müxbiri Herbert Bauernebel hesab edir ki, bu mərasim Ukrayna prezidenti üçün uğurlu olacaq, çünki bu, onun danışıqlar masasına qayıtması demək olacaq.
Ukrayna hakimiyyəti də ümid edir ki, saziş Kiyev və Vaşinqton arasında münasibətlərdə yeni mərhələnin başlamasına imkan verəcək.
Xuraman Etibarlı
İnterpress.az