“Rusiyada Azərbaycan diasporunun yeni formatda təşkilatlanması işləri sürətləndirilməlidir, diaspor təşkilatlarının işinin daha səmərəli qurulması, hesabatlı, şəffaf, açıq olması üçün tədbirlər görülməlidir. Azərbaycan diaspor təşkilatlarının fəaliyyəti əvvəlcədən müəyyənləşmiş strategiya çərçivəsində aparılmalıdır. Diaspor fəaliyyətinin əlaqələndirilməsi ilə professionallar məşğul olmalıdır. Diaspora təşkilatları öz fəaliyyətində ictimaiyyətə açıq olmalı, effektiv kommunikasiya kanalları yaratmalı və təklifləri nəzərə almalıdır. Bu halda effektiv diaspora fəaliyyətindən, diasporun gücündən danışmaq mümkündür. Azərbaycanlı ekspertlər, diasporanın nüfuzlu şəxsləri, fəalları ictimai rəyin formalaşmasına daha aktiv təsir göstərməyə çalışmalıdırlar. Onlara bununla bağlı zəruri dəstək təmin olunmalıdır”.
İnterpress.az xəbər verir ki, bu fikirlər Azərbaycan–Rusiya Gənc Ekspertləri və Jurnalistləri Klubunun təşəbbüsü ilə keçirilən dəyirmi masada Bakıda və Moskvada fəaliyyət göstərən azərbaycanlı politoloqların və diaspora fəallarının müzakirələri zamanı səsləndirilib.
Z. Mammadov: “Rusiyada Azərbaycan diasporunun fəaliyyəti hamını düşündürur”.
Müzakirələrdə Azərbaycan – Rusiya Gənc Ekspertləri və Jurnalistləri Klubunun moderatoru Zaur Məmmədov, ekspertləri İlqar Vəlizadə, Zaur İbrahimli, Moskvada fəaliyyət göstərən tanınmış politoloq Fuad Abbasov, Azərbaycan Mədəniyyətinin İnkişafı və İntibahı Fondunun direktoru Şamil Tağıyev, Rusiya Elmlər Akademiyası E.M.Primakov adına Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutunun aspirantı, politoloq Fərhad İbrahimov iştirak ediblər.
Klubun moderatoru, siyasi elmlər namizədi Z. Məmmədov bu cür müzakirələrin əhəmiyyətinə diqqət çəkərək Rusiyada yaşayan həmkarlara dialoqa razilıq verdiklərinə görə təşəkkür edib. Z.Məmmədov bildirib ki, “dünyada və regionda mühüm hadisələr baş verir. Bu hadisə və proseslərdə Rusiyanın xüsusi rolu var, bu baxımdan Azərbaycan üçün Moskvada ölkəmiz haqqında obyektiv rəy formalaşması, erməni təbliğatına layiqli cavab verilməsi çox vacibdir. Ekspert icması arasında bu cür müzakirə və sıx təmasın olması ölkəmiz haqqında obyektiv rəy formalaşmasına töhfə verə bilər. Eyni zamanda Rusiyada Azərbaycan diasporunun fəaliyyəti hamını düşündürur. Bu məsələlərin də müzakirəsi faydalı olacaq”.
Giriş nitqində İ.Vəlizadə azərbaycanlı politoloq və diaspora fəallarının Moskvada ölkəmizlə bağlı apardığı təbliğat və maarifləndirmə fəaliyyətinin əhəmiyyətinə diqqət çəkib. Qeyd edib ki, “Azərbaycan cəmiyyəti, yerli ekspert icması, həmçinin Azərbaycan diasporu azərbaycanlı ekspertlərin, müxtəlif sahələr üztə peşəkar kimi tanınan, fəal soydaşlarımızın bu fəaliyyətlərinə dəstək verməlidir, stimullaşdırmalıdır. Bu cür fəaliyyətlər bizim üçün çox vacib olan Rusiyada, Moskvada obyektiv ictimai rəy formalaşmasına, Azərbaycana münasibətdə neqativ fikirlərin azalmasına və aradan götürülməsinə böyük töhfə verir”. İ.Vəlizadə xüsusi olaraq vurğulayıb ki, hətta rusiyalı tanınmış ekspertlər belə, bir çox hallarda ümumilikdə, Cənub Qafqaz, ayrıca götürdükdə isə Azərbaycandakı vəziyyət, baş verən proseslər, səbəb-nəticələr, Moskvanın maraqlarına təsir baxımından düzgün qiymətləndirmə aparmırlar. Bir çox hallarda onlarda obyektiv məlumat da olmur. Rusiyada yaşayan azərbaycanlı politoloqlar isə yerli cəmiyyətə, siyasi dairələrə vəziyyəti obyektiv şərh etməklə, dezinformasiyaların qarşısını almaqla çox vacib olan düzgün rəyin formalaşmasına əhəmiyyətli kömək edirlər. Buna görə, onlara təşəkkürümüzü bildiririk”.
Fuad Abbasov: “Mehriban Sadıqova çağırışlarımıza cavab vermir”.
Politoloq Fuad Abbasov qeyd edib ki, mümkün olan qədər bütün kommunikasiya vasitələrindən istifadə edərək Azərbaycan haqqında obyektiv rəy formalaşması, ölkəmizin maraqlarının müdafiəsi, qarşılıqlı münasibətlərdə inam və etimadın möhkəmlənməsi, erməni dairələrinin dezinformasiyasının qarşısının alınması üçün çalışırlar. F.Abbasov bildirib ki, ayrılıqda soydaşlarımızdan çox dəstək alır, onun fəaliyyəti təqdir olunur və dəstək ifadə edilir. Onun fəaliyyəti üçün könüllü, şəxsi ianələrlə dəstək olurlar. Amma bu dəstək yetərli deyil: “Biz istərdik ki, diaspora təşkilatları daha fəal, daha açıq və kommunikasiyalı olsunlar. Biz sosial şəbəkələrdə canlı yayımlar edirik, minlərlə tamaşaçı bu canlı yayımları və müzakirələrimizi izləyir. Sualları da cavablandırmağa çalışırıq. Bu sualların bir çoxu da diaspora fəaliyyəti, təşkilatları ilə bağlı olur. Amma diaspor təşkilatları rəhbərlərini dəvət edib, insanların suallarının cavablandırmasına nail ola bilmirik. Təmasdan, hesabat verməkdən qaçırlar”. O bildirib ki, bir neçə dəfə hal – hazırda guya azərbaycanlıları təmsil edən “AzərRos”un rəhbəri Mehriban Sadıqovaya müraciət etməsinə baxmayaraq onun və təmsil etdiyi təśkilatin heç bir dəstəyini görməyib.
Fuad Abbasov: “Ayrı-ayrı şəxslər onun fəaliyyəti üçün könüllü, şəxsi ianələrlə dəstək olurlar. Amma, bu dəstəyi rəsmi dairələrdən görmür”.
F.Abbasov qeyd edib ki, Diaspora ilə İş üzrə Dövlət Komitəsinin yeni rəhbərliyi ilə müzakirələrə, görüşlərə hazırdılar. F.Abbasov bu cür onlayn müzakirələrin mütəmadi keçirilməsinin vacibliyini önə çəkib. Onun sözlərinə görə, insanlar ölkələrimizdə baş verənlərlə bağlı obyektiv məlumat almalıdırlar, onlara hadisələrin əsl mahiyyətini anlamağa, nəticələr çıxarmağa yardım etmək lazimdır. Bu işdə Bakıda və Moskvada, Rusiyada fəaliyyət göstərən politoloqlar çox əhəmiyyətli rola malikdirlər.
Politoloq Zaur İbrahimli bu vaxta qədər Gürcüstan, Rusiya politoqloqları və Azərbaycan diaspor fəalları ilə aparılan müzakirələr zamanı səslənən təklifləri, irad və sualları xatırladıb. O, Rusiyada diaspor fəallarının, politoloqların baxışlarının açıq ifadə olunmasının vacibliyini qeyd edib. Onun sözlərinə görə, peşəkar, açıq müzakirələr ümumi işə töhfə verir, diskusiyalar fikir mübadiləsini həyata keçirməklə bütün maraqlı tərəflərin mövqeyinin öyrənilməsi və nəzərə alınmasını təmin edir. Z.İbrahimli diaspor fəaliyyəti ilə bağlı sualları da müzakirə iştirakçılarının diqqətinə çatdırıb.
Şamil Tağıyev diaspora fəaliyyətinin daha səmərli qurulması ilə bağlı ekspertlərin suallarını cavablandırıb və öz fikirləri ilə bölüşüb. Onun fikirincə, “diaspora təşkilatları insanlara yaxın olmalı, onların Rusiya cəmiyyətinə real inteqrasiyasına kömək etməli, şəffaf və hesabatlı olmalıdır. Diaspora təşkilatlarında bacarıqlı, peşəkar kadrlar irəli çəkilməlidir. Ən vacibi aşağıdan yuxarı və əksinə mükəmməl koordinasiya mexanizmi qurulmalıdır. Nüfuzlu soydaslarımızın potensialından dolğun istifadə olunmalıdır”. Ş.Tağıyev ekspertlərlə diaspor fəaliyyətinin bəlli bir strategiya əsasında qurulması ilə bağlı qeydlərini bölüşüb. Bildirib ki, strategiya ilə müəyyənləşən, hədəflər olmalıdır. Hər kəsə aydın olmalıdır ki, qarşıda hansı vəzifələr var, onları həll etmək üçün hansı işlərin görülməsi, resurslar tələb olunacaq, hər kəsin rolu nədən ibarət olacaq.
F.İbrahimov: “Elm xadimləri olan soydaşlarımızın diaspora fəaliyətinə fəal cəlb olunmasının vacibliyini vurğulayıb”.
Fərhad İbrahimov azərbaycanlıların Rusiya cəmiyyətinə inteqrasiyası, mütəxəssislərin yetişməsi problemlərini vurğulayıb. Qeyd edib ki, azərbaycanlı gənclərin Rusiyada mövqe tutması, cəmiyyətə tam inteqrasiya olması, yüksək təhsil alması təşviq edilməlidir. Son 30 ildə ilk dəfədir ki, onun şəxsində bir soydaşımızın Rusiya Elmlər Akademiyası E.M.Primakov adına Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutunun aspirantı olduğunu xatırladaraq, F.İbrahimov elm xadimləri olan soydaşlarımızın diaspora fəaliyətinə fəal cəlb olunmasının vacibliyini vurğulayıb.
Müzakirələrin sonunda qərara alınıb ki, bu cür onlayn müzakirələr mütəmadi və daha geniş tərkibdə keçirilsin, həmçinin müzakirələrin gündəliyi əvvəlcədən konkret mövzular üzrə müəyyən olunsun. Gündəlik açıqlansın, mövzular üzrə auditoriyanın sualları da cavablandırılsın, səslənən təkliflər, iradlar isə Azərbaycanda müvafiq dövlət qurumlarına təqdim edilsin.
İnterpress.az